Cəlilabadın 'İran bazarı'nda bayram alış-verişi

Salyan rayonun Qızılağac kənd sakini Nadir Həsənov yol qırağında balıq satır.

Bakı-Astara yolunun Salyan hissəsindən keçirik... Yolun sağında, solunda meyvələr və balıq satılır. Səyyar ticarət ilə məşğul olan Salyan rayonunun Qızılağac kənd sakini Nadir Həsənov alıcıların azlığından şikayət edir:

«Hamıya balıq almağı arzulayıram»

«Ötən il balıq alanların sayı daha çox idi. Adamların alıcılıq qabiliyyəti ötən ilkindən zəifdir. Maşını saxlayıb qiymətləri soruşurlar, baxırlar, gedirlər. Qiymət də pis deyil. Əsasən çəki balığı satıram. Özüm tuturam, pul ilə də alıram. Çıxardıram Bakı-Astara yoluna. Hamıya balıq almağı arzulayıram. Ailəmi bununla dolandırıram. Başqa iş yoxdur axı».

N.Həsənov deyir ki, bayram günlərində, adətən, alıcılar daha çox olur: «Bu bayramda bunu görmədik».

Cəlilabadda "İran bazar"ı

«Saatlarla gözümüzü dikirik uzaqdan gələn maşına»

Bakı-Astara yolunun kənarında meyvə satan da narazılıq edir. Deyir ki, satdığı meyvələrin qiyməti bazardakından ucuzdur: «İndi günortadır. Bir kilo da meyvə satmamışam. Evim yaxında yerləşir. Öz meyvəmdir, satıram. Mal-qara da saxlayıram. Örüş yerlərini pambıq sahələrinə çevirdilər. İşimiz çətinləşib. Vallah, Novruz bayramının hayında deyiləm. Saatlarla gözümüzü dikirik uzaqdan gələn maşına. Deyirik, bəlkə saxlaya. Yoxdur...».

«İran bazarı»nda

Cəlilabad rayonun ərazisində olan topdansatış bazarı Bakı-Astara yolun üstündə yerləşir. Bazarın ortasında keçən yol bərbad vəziyyətdədir. Bazar böyük bir ərazini əhatə edir. Cəlilabad sakinlərinin deməsinə görə, İranın qapıları açılandan sonra bu bazar yaranıb. Ona görə ona el arasında “İran bazarı” deyilir.

Orada alver edən İran vətəndaşları da var. Həsən adlı gənc bir İran vətəndaşına rast gəldik: «Əsasən balıq alveri edirəm. Çəki balığının bir kilosu 7 manatadır. Kütüm balığına daha böyük ehtiyac var. Biz də, siz də bayram süfrəsinə balıq qoyuruq. Amma İranda balığın bir kiloqramı Azərbaycan pulu ilə 4 manat 50 qəpiyədir. Ötən il bayram vaxtı daha çox balıq satıldı. Bu il onun yarısını satmamışıq. Alan azdır...».

Satıcılar alıcı azlığından şikayətlənirlər

Qəbələ rayon sakini Araz Yəhyayev da deyir ki, yetişdirdiyi meyvələri İran bazarında satır: «Buraya həmişə gəlirəm. Fındıq, qoz gətirirəm. Fındığın bir kiloqramı 5 manata da var, 5 manat 50 qəpiyə də. Hətta bayram günlərində də alıcıların sayı azdır. Ötən il hansı qiymətdə olubsa, bu ildə də həmin qiymətdir. 100-200 qram qoz alarlarmı? Bu, qoz içi deyil axı?».

Yol qırağında çiyələk satan oğlan

Alıcılar da qiymətlərdən narazıdır

Başqa bir satıcı da danışır ki, hər gün 12 manat yer pulu verirlər: «Əyləşdiyim yer iki metrdir. Açıq sahədəyik. Üstünü də mən düzəltmişəm, mənə yağış, qar dəyməsin...».

Alıcılar da qiymətlərdən narazıdır. Bazarda rast gəldiyimiz bir Cəlilabad sakini deyir ki, qabaqcadan bayrama görə pensiyalar, maaşlar verilib: «Amma bu pul ilə nə almaq olar? Aldığımız pensiyanı xərcləsək, bəs gələn ay nə yeyəcəyik?».

Cəlilabad rayonundakı Göytəpə şəhərinin ərazisindən keçən Bakı-Astara yolunun kənarlarında isə, əsasən, kartof, soğan və çiyələk satırlar.

Adının çəkilməsini istəməyən satıcı deyir ki, o həm də fermerdir: «Böyük əziyyətlə məhsul yetişdiririk, nəticədə əlimizdə çörəkpulundan başqa heç nə qalmır. İndi noyabr ayında tədarük etdiyimiz kartofu satırıq. Yazlıq kartof var, may ayında çıxacaq. May ayında tədarük edilən kartofdan 5-6 manat qalır. Əhalinin alıcılığı yaxşı deyil. Keçdik çiyələyə. İlk illərdə yaxşı idi, qazanc olurdu. Sonra başladılar kütləvi şəkildə çiyələk əkməyə, qiymət düşdü. Çoxusu ziyana düşdü...».

Başqa bir çiyələk satıcısı deyir ki, qışda yetişdirilən məhsul baha başa gəlir:

«Hər 300-400 maşından biri saxlayıb qiymət soruşsa, böyük işdir»

«Görürsünüz sahədə polietilen örtüklərini. Orda yetişdiririk. Bütün qışı içəridə soba yanır. Xərc çox istəyir, maya dəyəri 5-6 dəfə qalxır. Açıq sahədə isə ucuz başa gəlir. Qablaşdırılmış 600 qramlıq çiyələyi 6 manata satırıq. Hər kəs ala bilmir. Gündə 2-3 kilo satılır. Bahadır axı. Görürsünüz, bu yoldan nə qədər maşın keçir. Hər 300-400 maşından biri saxlayıb qiymət soruşsa, böyük işdir...».