İran Britaniya tankerini tutmaqla hədələyir

İranın Grace 1 supertankeri,Qibraltar

İran İslam İnqilab Qvardiyası-nın rəhbərlərindən biri Mohsen Rezaee bildirib ki, əgər Böyük Britaniya bir neçə gün əvvəl saxladığı İran tankerini buraxmasa, Iran da Britaniya tankerini zəbt etməlidir.

O bunu, iyulun 5-də özünün Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Böyük Britaniya İranın Grace 1 supertankerini Qibraltrda saxlayıb. Tankeri vertolyotdan atılmış dəniz piyadaları saxlayıb.

Məlumata görə bu Birləşmiş Ştatların istəyi ilə edilib.

ABŞ bildirir ki, tanker qanunsuz yollarla Suriyadakı neftayırma zavoduna neft aparırmış.

Gibraltar rəhbərliyinin məlumatına görə, yükün mənbəyi və sifarişçinin kimliyi araşdırılır.

Suriyaya neft ixracı, Avropa Birliyinin 2011-ci ildə Suriya hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyaların pozulması deməkdir.

ABŞ prezidenti Donald Trump jurnalistlərin suallarına cavab olaraq bildirib ki, İran olduqca ehtiyatla hərəkət etməlidir.

ABŞ Dövlət Departamentinin nümayəndəsi beynəlxalq tərəfdaşların sanksiyalara sadiqliyini alqışlayıb.

Buna da bax: Britaniya İran neftini daşıyan tankeri həbs edib