İranın Təbriz şəhərində yaşayan milliyyətcə azərbaycanlı Astan Babək Azərbaycan əleyhinə casusluqda suçlanır. Oktyabrın 10-da Bakıda ona bu ittihamla hökm oxunub. 48-yaşlı A.Babəkə 12 il həbs cəzası kəsilib.
Cinayət işinin materiallarında iddia olunur ki, o, Azərbaycandakı hərbi hissələrin, başqa strateji obyektlərin şəkil və bilgilərini toplayıb, İranın xüsusi xidmət orqanlarının generalına ötürüb.
A.Babək son 5 ildə Azərbaycana tez-tez gəlib-gedib. O, Azərbaycanı, özəlliklə Bakını tanıyan biri kimi, İrandan olan tələbələrin səfərlərində onlara bələdçilik edib.
A.Babək mayın 27-də Naxçıvandakı otellərdən birində qaldığı vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu saxlayıb. Cinayət işinin materiallarında iddia olunur ki, o saxlanılarkən, otel otağından İranın xüsusi xidmət orqanlarının loqosu olan kağızlar tapılıb.
Amma A.Babək ittihamda yazılanları qəbul etmir və özünü təqsirli bilmədiyini Bakı Ağır Cinayətlər Məhkəməsində dilə gətirərək ifadə verməkdən boyun qaçırıb.
Buna da bax: 'İran casusu' adı ilə saxlananlar kimlərdirMəhkəmənin hazırlıq iclasında özü haqqında məlumat verən A.Babək deyib ki, ixtisasca həkim və hüquqşünasdır. Sözlərinə görə, iki həyat yoldaşı var. Onlardan biri İranda məhkəmə hakimidir.
O, məhkəmə prosesinin əvvəlində iddia edib ki, casusluq ittihamı ilə saxlanmasından ailə üzvlərinin xəbəri yoxdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilib ki, A.Babək ona kəsilmiş 12 illik həbs cəzasını çəkəndən sonra ölkədən çıxarılmalıdır.
A.Babək məhkəmə prosesinin sonunda ona oxunan hökmə "Allahu Əkbər" qışqırmaqla reaksiya verib.