İranda 2024-cü ildə 31-i qadın, 901 nəfər edam edilib. Bəzi qadınlar zorlanmaya, yaxud ailədəki başqa zorakılıq halına dirəniş göstərərkən ərlərini qətlə yetirib. BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının yanvarın 7-də dərc edilən hesabatında belə deyilir.
İranda edamlarla bağlı son 9 ilin "rekord" göstəricisi BMT-ni qəzəbləndirib. Ötən ilin son həftəsində 40-dək edam icra edilib.
Edamlara son verməyin vaxtı çatıb
2024-cü ildə İranda 853 şəxsin edam olunduğu deyən Ali komissar Volker Türk bir il boyunca belə artımın ciddi təlaş doğurduğunu bildirib: "İranda daim artan edam dalğasının dayandırılmasının vaxtı çatıb".
Hesabata görə, edamların çoxu narkotiklə bağlı cinayətlərlə əlaqəlidir. Üstəlik, 2022-ci ildə baş verən etiraz aksiyalarına qatılanlar və müxalif düşüncəli şəxslər də edam ediliblər. Həmin ilin sentyabrında guya hicabı düzgün bağlamadığına görə saxlanan 22 yaşlı Məhsa Amini polis tərəfindən saxlanandan sonra vəfat etmişdi. Ardınca ölkədə hakimiyyətə qarşı etirazlar başlanmış və bu etirazlarda qadın və qızlar baş örtüklərini yandırmışdılar. Hakimiyyətin etirazları qəddarca dağıtması nəticəsində yüzlərlə insan həlak olmuş, minlərlə etirazçı həbsə atılmışdı.
Ali komissar Türk öz hesabatında rəsmi Tehranı gələcək edamları dayandırmağa çağırıb: "Bu, yaşamaq hüququ kimi təməl azadlıq haqlarına ziddir və suçsuz insanların edamı yolverilməz risklərə yol açır. Hamıya aydın olmalıdır ki, edam cəzası beynəlxalq insan haqları qanunu ilə qorunan davranışlara heç vaxt tətbiq edilə bilməz".
Suçsuz "suçlular"
Hesabatda İranda edam edilən qadın sayının son 15 ilin ən yüksək göstərici olmasına da diqqət çəkilir: "Bir çox halda söhbət qətl törətməkdə suçlanmaqdan gedir. Qadınların böyük bir bölümü ailə zorakılığı, azyaşlı və məcburi evliliklərin qurbanları olub".
Məsələn, qadınlardan biri qızını zorlamaq istəyən ərini qətlə yetirdiyinə görə edam edilib.
Mühafizəkar İslam dövlətində, özəlliklə qadın və qızlarla bağlı hüquqların pozulmasının uzunmüddətli tarixi var.
İranda prezident seçilən və əksəriyyətin islahatçı kimi tanıdığı Məsud Pezeşkian qadın və azlıqların hüquqlarını daha yaxşı qoruyacağına söz versə də, bir çox insan haqları fəalı və beynəlxalq müşahidəçilər buna şübhə ilə yanaşırlar.