İranda ədliyyə işçiləri maaş artımı tələb edir

Dekabrda müəllimlər maaşların azlığına etiraz edirdilər

İnternetdə yayılmış videolarda Kərəc daxil digər şəhərlərdə də ədliyyə işçilərinin oxşar etirazlar təşkil etdikləri görünür

Tehranda yüzlərlə ədliyyə işçisi parlamentin qarşısına yığışaraq hökumətin vədlərinə baxmayaraq maaşlarının artırılmamasına etiraz ediblər.

Yanvarın 9-da, nümayişlərin ikinci günündə etirazçılar parlamentin spikeri Məhəmməd Bağır Qalibafı “yalançı” adlandırıblar.

Buna da bax: ABŞ-ın Rusiyaya qarşı tətbiq etmək istədiyi mümkün sanksiyaların siyahısı yayılıb

Sistemi qapatmaq təhdidi

Avqustda vəzifəyə keçən ultra-mühafizəkar prezident İbrahim Rəisi ədliyyənin başında olduğu son həftələrdə maaşları artırmağı təklif etmişdi.

Ancaq yeni hökumət bu təklifləri rədd edir. Ölkədə isə iqtisadi çətinliklər artmaqdadır. Birləşmiş Ştatlar 2018-ci ildə İranla nüvə sazişindən çıxaraq İrana sərt sanksiyaları bərpa edib.

“AFP” etirazçıların “Problemimiz həll olmasa, ədliyyə sistemini qapadacağıq!” şüarı səsləndirdiklərini xəbər verir.

İnternetdə yayılmış videolarda Kərəc daxil digər şəhərlərdə də ədliyyə işçilərinin oxşar etirazlar təşkil etdikləri görünür.

Buna da bax: İran vurulan təyyarədə vətəndaşlarını itimiş ölkələrə danışıqlar təklif edir

Hakimlər işə çıxmır

Vəkil Məhəmməd Hüseyn Ağasi yanvarın 8-də Kərəcdə məhkəmədən yazdığı tvitdə şəhərdə məhkəmələrin “praktik olaraq işləmədiyini, hakimlərin işlərə çıxmaqdan imtina etdiyini” yazıb.

O, hakimlərin “bir həftə tətil” etdiyini, özünün “1974-cü ildən bəri belə tətil görmədiyini” yazıb.

Buna da bax: İranda general Süleymaninin heykəli yandırılıb

“Arman Melli” islahatçı qəzet isə yanvarın 8-də “bəzi ədliyyə personalının ölkənin bir çox şəhərlərində yürüşlərə çıxaraq parlamentin onların maaşını artırmaq planını rədd etməsinə etiraz” etdiklərini xəbər verib.

İnzibati və İşəgötürmə Məsələləri Təşkilatının başçısı Meysam Lətifi ötən həftə parlamentdə maaş artımıyla bağlı təklif rədd ediləndə deyib ki, “ədliyyədə maaşların artırılması tələbindən narahatıq, çünki bu, digər agentliklərdə də oxşar tələbə yol açar”.