İran rejimi süqut edə bilərmi. Əhalinin 70 faizi...

Türkiyədə İrana dəstək aksiyası, sentyabr, 2022-ci il

İranda hökumətin bütün təzyiqlərinə, yüzlərlə nümayişçinin öldürülməsinə, minlərlə insanın həbs olunmasına baxmayaraq rejim əleyhinə etirazlar aylardır davam edir. Bu, İslam Respublikası tarixində ən uzun çəkən etirazlardır.

Son həftələr etirazların sayı azalsa da, təhlilçilər dövlətin insanları onillərlə məruz qoyduğu repressiyaların doğurduğu qəzəbin asanlıqla keçməyəcəyini deyirlər. Onlar klerikal hakimiyyətlə İranın gənc əhalisi arasındakı uçurum dərinləşdikcə etiraz hərəkatının davam edəcəyini deyirlər.

Buna da bax: İranda yeniyetmə etirazçıya iki ölüm hökmü çıxarılıb

“İnqilabi proses”

Beyrutdakı Amerika Universitetinin İran üzrə eksperti Əli Fətullah-Nejad deyir ki, İran 2017-2018-ci illərdə başlamış etirazlarla “inqilabi prosesə” qədəm qoyub. O zaman iqtisadi narazılıqların səbəb olduğu etirazlar tezliklə siyasi məcraya keçmişdi.

"Bu qəbildən istənilən prosesdə həm sakit, həm də gərgin fazalar olur. …Hazırkı inqilabi epizod dövlətlə cəmiyyət arasında birləşdirilməsi mümkün olmayan uçurumun yarandığını göstərir”, – Fətullah-Nejad bildirir.

Alim eyni zamanda Brukinqs İnstitutunun Doha Mərkəzi (Brookings Doha Center) üçün 2017 -2018-ci illərdə baş verən etirazlarla bağlı yazılmış araşdırma məqaləsinin müəllifidir.

Buna da bax: İranda yazıçı ölüm cəzasına məhkum edilib

Etirazlar formasını dəyişir

Hazırkı etirazlar zamanı iranlılar İslam respublikasına son qoyulmasını tələb ediblər və klerikal rejimin ən üzdə olan rəmzlərini qəzəb hədəfinə çeviriblər. Xüsusən də qadınlar üçün məcburi baş örtüyü və Ali dini lider Ayətullah Əli Xameneyi qəzəb dalğasının mərkəzindədir.

Hökumət rəsmiləri etirazları yatırmaqdan ötrü get-gedə daha çox gücə əl atır, daha çox vətəndaşı öldürür. Ancaq iranlılar pərakəndə küçə yığıncaqları və hökumətin hücumlarının qurbanlarının yas mərasimlərində etirazlarını ifadə edirlər. Küçələrdə spreylə şüar yazan və etiraz işarələri asanlar da var, evlərinin damlarından və pəncərələrindən hökumət əleyhinə şüarlar qışqıranlar da.

İnsan haqları təşkilatlarının məlumatlarına görə, İran təhlükəsizlik qüvvələri etiraz dalğası başlayandan bəri ən azı 476 etirazçını, o cümlədən 60-dan çox uşağı öldürüb. 15 mindən artıq insan saxlanılıb. İki gənc etirazlarda iştiraka görə ictimai şəkildə edam edilib.

Buna da bax: İranda öldürülənlərin 40-ı mərasimi yeni etirazlara çevrilir

Rejimə süqut təhlükəsi varmı

"Heç nə əvvəlki kimi olmayacaq, biz öz səsimizi tapmışıq. Hətta əgər inqilab yaxın gələcəkdə öz məqsədinə nail olmasa belə, biz artıq qorxmuruq, döyüşməyi və dirənməyi bacarırıq”, - Tehranda anonimlik şərti ilə danışan bir qadın etirazçı AzadlıqRadiosuna deyib.

İran paytaxtında bir jurnalist etirazların hakimiyyətə ciddi təhlükə yaratdığını deyir. Ancaq o hesab edir ki, yaxın zamanda rejimə süqut təhlükəsi yoxdur. Hakim elita və silahlı qüvvələr arasında gözlə görünən çatlar yaranmayıb. Etirazlarsa iqtisadiyyatı tamamilə durğun hala gətirməyib.

"Onlar hakimiyyətdə qalmaq üçün əllərindən gələn hər şeyi edəcəklər. Buna görə də hələlik, xüsusən də İnternet və [milli valyuta] ilə bağlı gərginlik və narazılığın artmasını gözləyirəm", – internetlə bağlı artan senzura və rialın ABŞ dollarına qarşı dəyər itirməsini nəzərdə tutan jurnalist deyib.

Buna da bax: İran: Rial düşür, etirazlar davam edir, İsrail hədələyir

Kritik məqam

Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun (Carnegie Endowment for International Peace) tədqiqatçısı Kərim Sədcadpurun sözlərinə görə, tarix göstərir ki, "xalq üsyanları dayanıqlı olmaq üçün kritik kütlə cəlb edə bilməlidir. Kritik kütlə cəlb etmək üçünsə etirazlar dayanıqlı kimi qəbul edilməlidir”.

"Aydındır ki, bir çox iranlılar …bu xalq üsyanının İslam respublikasının süqutuna nail ola biləcəyinə inanırlar. [Ancaq] İslam respublikası rəsmilərinin də uduzan tərəf olduqlarını düşünməyə başlaması vacibdir. Hələlik, bu məqama… gəlib çatmamışıq”, – o söyləyir.

Buna da bax: Sanksiya altında olan ölkələr klubu. 'Bir-birini sevmirlər'

İranlıların çoxu...

Tehranda yaşayan tanınmış sosioloq Həmid Reza Cəlaipur deyir ki, hakimiyyətlə əhali arasındakı uçurum “ciddidir”. Ancaq o hesab edir ki, iranlıların çoxu hələ də rejimi devirmək üçün etirazlara qatılmaq istəmir.

"Hazırda cəmiyyətin 15 faizi hakimiyyət tərəfdarı, 15 faizi isə ciddi etirazçılardır. Əhalinin 70 faizi sakitdir”, – Cəlaipur oktyabrda İran mediasında dərc edilmiş bir yazıda deyib.

O, hazırkı etiraz dalğasını hakimiyyətin illərlə xalqın tələblərini dinləməməsi ilə əlaqələndirib.

"Hakimiyyət [keçmiş etirazlardan] dərsini almayıb”, – o vurğulayıb.