İranda etirazçılara qarşı zorlama iddiaları - 'Amnesty International'

Qadınlara, kişilərə və uşaqlara qarşı cinsi zorakılıqdan silah kimi istifadə olunub.

İranda təhlükəsizlik qüvvələri ötən ilin sentyabrında başlamış etirazları amansızlıqla yatıranda etirazçıları qorxutmaq üçün zorlamaya, digər cinsi zorakılığa əl atıb. Bunu "Amnesty International" insan haqları təşkilatı dekabrın 6-da yaydığı hesabatda bildirir.

2022-ci ilin sentyabrında Tehranda Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Bunun ardınca İranı "Qadınlar, Həyat, Azadlıq" devizi ilə etirazlar bürüyüb.

120-səhifəlik hesabatda deyilir ki, qadınlara, kişilərə və uşaqlara qarşı cinsi zorakılıqdan silah kimi, həm də cəzasızlıqla istifadə olunub.

Hesabat 45 qurbanın dedikləri əsasında hazırlanıb. Onlardan 26-sı kişi, 12-si qadın, yeddisi uşaqdır, İran təhlükəsizlik qüvvələrinin cinsi zorakılığına məruz qalıblar. Buraya zorlama, qrupla zorlama, cinsi zorakılığın digər formaları daxildir.

İndiyədək heç bir İran təhlükəsizlik əməkdaşına saxlanan etirazçılara qarşı seksual cinayətlərə görə ittiham verilməyib, yaxud təqib olunmayıb.

12 yaşlı uşağa da işgəncə verilib

İranda etirazların önündə qadınlar gedib. Ancaq onlara xeyli sayda kişilər və oğlanlar da qoşulub. Onlar İran teokratiyasının on illər boyunca qadınlara qarşı dini məhdudiyyətlərinə, yaxud istibdadın digər formalarına etirazlarını bildiriblər.

Etirazlar 2022-ci ilin sonuna səngiyib, çünki təhlükəsizlik sistemi qəddar repressiyaları işə salıb. Yüzlərlə etirazçı öldürülüb, minlərlə insan həbs olunub.

"Araşdırmamız üzə çıxarıb ki, İranda kəşfiyyat və təhlükəsizik agentləri etirazçılara, o cümlədən 12 yaşlı uşaqlara işgəncə vermək, onları cəzalandırmaq, davamlı fiziki və psixoloji zərbə vurmaq üçün zorlamaya və zorakılığın digər formalarına əl atıblar", - "Amnesty International"ın baş katibi Anyes Kalamar deyib.

"Amnesty International" hesabatı noyabrın 24-də İran hakimiyyətinə təqdim etsə də, cavab almadığını bildirir.