H.Şəriətmədari: 'İran hakimiyyəti 40 ildir xalqı vədlərlə saxlayıb'

Həsən Şəriətmədari

İranın digər bölgələri ilə birlikdə İran Azərbaycanında da etirazların baş verdiyini bildirən siyasi fəal Həsən Şəriətmədari deyir ki, İranda mərkəzsizləşmiş bir hakimiyyəti etiraza qatılan türklər ala bilər, kənarda duran türklər deyil. Mərhum ayətulla Məhəmməd Kazım Şəriətmədarinin oğlu «Amerikanın Səsi» ilə müsahibədə İranda artaraq davam edən kütləvi etirazları dəyərləndirib.

H.Şəriətmədari iqtisadi və ictimai problemlərə qarşı etirazların başlayacağını gözləsə də, bu sürət və vüsətlə olacağının sürpriz olduğunu deyir.

«Bu etirazların olacağını, çoxları o cümlədən, mən demişdik. Mən Kirmanşah zəlzələsi olanda demişdim ki, bu zəlzələ bundan sonra gələcək olan ictimai zəlzələyə görə bir şey deyil. Amma bunun nə zaman baş verəcəyini heç kəs bilməzdi. Bu sürət və vüsətlə gəlməsi naqafil oldu», - deyə o söyləyir.

Sizin brauzer HTML5-i dəstəkləmir

İranda etirazlar səngimir

H.Şəriətmədarinin dediyinə görə, hakimiyyət 40 ildir xalqı vədlərlə saxlayıb:

«23-24 il əvvəl Xatəmi gəlib islahat vədi verdi. Xalq ona ürək bağladı və himayə etdi. Ondan sonra Əhmədinejad gəldi. Seçkilərdə saxtakarlıq ola ola, dedi ki, mən rifah gətirəcəyəm. Ondan sonra Ruhani gəldi və dedi ki, Əhmədinejad oğru idi və mən düzəldəcəyəm. Amma vəziyyət qat-qat pisləşib».

«Mafiya oğurlayır, SEPAH bölgə ölkələrində xərcləyir...»

Sabiq Müsəlman Xalq Respublikası Partiyasının rəhbərlərindən olan cənab Şəriətmədari problemin sadəcə iqtisadi çətinliklərdən ibarət olmadığını vurğulayır:

«İqtisadiyyat ki çökmüş və işəgəlməz bir sistem olub. İbarət olub ondan ki, bir qrup mafiya onu oğurlayır, SEPAH bölgə ölkələrində xərcləyir... Amma sadəcə o da deyil. Xalq təhsil və səhiyyə vəziyyətinə, ayrıseçkiliyə, hörmətsizliyə, azadlığın olmamasına, mətbuatın azad olmamasına etiraz edir».

Cənab Şəriətmədari xalqın davasının islahatçı-mühafizəkar davası olmadığını önə çəkir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tehranda etirazçılar Ali Khamenei-nin posterlərini sökür

«Bu səfər xalq bu yola girdi ki, bu islahatçı-mühafizəkar davası ilə bizim işimiz bir yerə yetişməz... Mühafizəkarlar istədilər bu etirazlar öz xeyrinə çevirib və Ruhani hökumətinə yönləndirsinlər. Amma xalq düşündü və şüarlar o cəhətə getdi ki, bu fəsad və oğurluq sizin hamınızdan asılıdır. Mühafizəkar ya islahatçı, hamısının əli bir kasada imiş», - o bəyan edir.

2006-cı ilin may ayında İran Azərbaycanı və digər bölgələrdə türklərin təşkil etdiyi kütləvi etirazlara İranın mərkəz bölgələrindən dəstək gəlməmişdi. 2009-cu ildə Tehranda seçki saxtakarlığına qarşı baş verən etiraz zamanında da Təbrizdə səssizlik oldu.

«Öz hüququmuzu istəyəcəyik»

H.Şəriətmədarinin fikrincə, Azərbaycanın mərkəzdən etdiyi giley əslində İslam inqilabından sonrakı illərdən başlayıb. O, atası ayətulla Şəriətmədari tərəfdarlarının təsis etdiyi Müsəlman Xalq Respublikası Partiyasının başlatdığı hərəkatın susdurulmasına işarə edir.

Şəriətmədari bunlara baxmayaraq, İran Azərbaycanı üçün də tək yolun ölkənin digər bölgələri ilə birlikdə hərəkət etmək olduğunu vurğulayır.

«Bizim yolumuz odur ki, digər iranlılar ilə olaq, dinc və mədəni şəkildə. Öz hüququmuzu istəyəcəyik. Qoymayacağıq bizə bir ayrıseçkilik rəva olsun. Bir desantral (mərkəzsizləşmiş), demokrat, insan haqları təməlində, dil, məzhəb, vicdan və mədəniyyət azadlığı təməlində hakimiyyət təşkil olunmalıdır və onu təşkil edəcəyik... Mərkəzsizləşmiş hakimiyyəti qatılan türklər ala bilər, kənarda qalan türklər deyil. Qatılsan səhmini alarsan, kənarda dursan səni kənara qoyarlar»,- deyə o əlavə edir.