İran etirazlarında azı 57 nəfərin öldüyü deyilir

Etiraz aksiyasında

Rəsmi məlumata görə etirazlarda həlak olanların sayı 41-dir

Insan haqları fəallarının məlumatına görə İranda 22 yaşlı qadının ölümünə görə ölkə boyunca başlanmış etirazlarda azı 57 nəfər ölüb.

Məhsa Əmini hicab qaydalarını pozduğuna görə polisə aparılmış və orada vəfat etmişdi.

Fəallar qadının əxlaq polisi tərəfindən döyülərək öldürüldüyünü deyirlər.

Hökumət bu ittihamları rədd edir.

İran İnsan Haqları Təşkilatı sentyabrın 25-də bildirib ki, ölkədə internetin bloklanmasına görə etirazlarda nə qədər adamın həlak olmasını dəqiq bilmək olmur.

Rəsmi məlumata görə etirazlarda həlak olanların sayı 41-dir.

İranda antihökumət etirazları artıq 10-cu gündür ki, davam edir.

Sosial mediada dərc olunan xəbərlərdə deyilir ki, hökumət etirazlarda öldürülənlərin ölüm səbəbini gizlədir.

İranda WhatsApp, Instagram və Skype mesajlaşma sistemləri bloklanıb.

İranda Facebook, Twitter, TikTok və Telegram hələ etirazlardan əvvəl bloklanmışdı.

Buna baxmayaraq etirazlarda çəkilən video və fotolar sosial şəbəkələrdə yayılmaqda davam edir.