İran etirazları ölkə xaricinə yayıla bilərmi? (VIDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

"Təbrizdə üç nəfər söhbət edəndə polis aparır"

İran ədliyyə sisteminin sözçüsü Gholamhossein Esmaili Reuters agentliyinə açıqlamasında bildirib ki, ölkədə artıq sakitlik bərpa olunub. Amma internet kəsildiyi üçün ölkədə əslində nəyin baş verdiyini alternativ mənbələrdən öyrənmək olmur.

Yarırəsmi ISNA and Fars agentlikləri bildiriblər ki, noyabrın 18-də axşam, etirazçılar, təhlükəsizlik qüvvələrinin 3 nümayəndəsini bıçaqlayıblar.

İran rəsmiləri bildirirlər ki, qarşıdurmalarda ümumilikdə 12 nəfər həlak olub, 600-dən çox adam həbs olunub.

Hazırda İzmirdə yaşayan təbrizli jurnalist Taha Kermani deyir ki, İranın başqa şəhərlərində olan durum azərbaycanlıların yaşadıqları şəhərlərdə də hakimdir - internet yoxdur, insanlar məlumatsız qalıb.

“Özəlliklə böyük şəhərlərdə - Urmiya, Ərdəbil, Zəncan, Qəzvində insanların toplana biləcəyi hər hansı bir xiyabanda, küçələrdə, polis, təhlükəsizlik orqanlarının nəzarəti gücləndirilib. Təbrizdən aldığım məlumatda deyilir ki, üç nəfər səyyar satıcı birlikdə durub salamlaşsa, onları polis aparır. İnsanların normal həyat tərzi pozulub”.

Buna da bax: İranda Azərbaycan şəhərləri də etiraz edir

Taha Kermani deyir ki, Şərqi Azərbaycan vilayətində də etirazlar iqtisadi səbəblərlə, benzinin qiymətinin artması ilə bağlıdır.

Onun sözlərinə görə, başqa şəhərlərdən yeganə fərq budur ki, burda təzyiqlər daha çoxdur, belə ki, Şərqi Azərbaycan vilayətində yalnız etirazçılar deyil, beş fəal da həbs olunub, halbuki, Tehranda fəallar hələ ki, həbs olunmayıb.

Bu məlumatlarla bağlı İrandan rəsmi qaynaqlardan məlumat əldə etmək olmur.

İranda baş verən hadisələrə münasibətini AzadlıqRadiosuna Bakı sakinləri də bildiriblər:

Sizin brauzer HTML5-i dəstəkləmir

İranda etirazlar barədə Bakıda sorğu

Bəs İran etirazları hansı həddə qədər genişlənə regiona necə təsir edə bilər?

Avropa Parlamentində xarici siyasət məsləhətçisi kimi çalışan Eldar Məmmədov, Avropa Parlamentinin adından yox, müstəqil şərhçi kimi durumu şərh edərək deyir ki, yaxın zamanlarda İrandakı etirazların qonşu ölkələrə, o cümlədən Azərbaycana yayılmasını gözləmək olmaz.

Onun sözlərinə görə, etirazlar siyasi səbəblə yox, iqtisadi səbəblə bağlıdır və İran hökuməti onsuz da əvvəl-axır qiymətləri qaldırmalı idi:

“İrandakı hadisələrin təbiətini anlamaq lazımdır. Bu, rejimin dəyişməsi ilə bağlı tələb deyil, Amerika sanksiyalarının təsiri deyil. Iran hökuməti benzinin qiymətini 50 faiz Beynəlxalq Valyuta Fondunun tövsiyəsi ilə qaldırıb. Subsidiyalar İranda ÜDM-in 1.6 faizini təşkil edirdi. Bu, İran iqtisadiyyatı üçün uzun müddətdə doğrudan da qeyri-sabitlik yaradırdı”.

Eldar Məmmədov deyir ki, o ayrı məsələ ki, İran hökuməti gərək xalqa durumu daha aydın izah edəydi.

İran etirazlarının Azərbaycana hansı təsirləri ola bilər? İqtisadçı alim Qubad İbadoğlu bildirir ki, bu istənilən halda İrandan əmək miqrasiyasını və kapital axınını sürətləndirəcək. Onun sözlərinə görə, Azərbaycan qaçqınlara ev sahibliyi, maliyyə transfertlərinə vasitəçilik etmək məcburiyyətində qala biləcək potensial ölkələrin siyahısındadır.

Sizin brauzer HTML5-i dəstəkləmir

İranda yanacağın bahalaşmasına etiraz edilir

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu da deyir ki, İrandakı etirazların hələlik Azərbaycana təsiri olmasa, sonradan ola bilər:

“Azərbaycana hələ ki, belə böyük təsirləri olacağını düşünmürəm. Biz və bütün dünya bu prosesləri diqqətlə izləyir. İndiki küçə yürüşlərinin, iqtisadi şüarların bizə aidiyyatı yoxdur. Amma təlatümlər genişlənərsə, xaos halını alarsa, biz artıq ciddi düşünmək məcbudiyyətində qalacağıq”.

İranda kütləvi etirazlar noyabrın 15-də başlayıb. Səbəb benzinə subsidiyaların kəsilməsi və benzinin qiymətinin qalxmasıdır.

İranlı fəallar internetə çıxış kəsildiyindən hazırda İranda nə verdiyini söyləmədkə çətinlik çəkirlər.