Azərbaycan vətəndaşının İranda itkin düşdüyü deyilir

Fərid Səfərli

Azərbaycan Fərid Səfərliyə görə, İran Səfirliyinə nota verib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşməsi məlumatları ilə bağlı yerli medianın suallarına cavab verib.

Nazirliyin saytında yer alan cavabda bildirilir ki, qeyd edilən məsələ ilə bağlı müraciət onlara martın 9-da daxil olub:

“Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.”

O deyib ki, Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir:

“27 yanvar 2023-cü il tarixində ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb.”

Bu açıqlamaya, hələlik, İranın Azərbaycandakı Səfirliyindən münasibət almaq mümkün olmayıb.

***

Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşdüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun anası Dilarə Əsgərova məlumat verib. Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü oğlu Azərbaycan Diplomatik Akademiyasının və Fridrix Şiller Universitetinin magistr dərəcəli məzunudur: "Bir müddət əvvəl Fərid kimliyi mənə məlum olmayan İran İslam Respublikası vətəndaşı, Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş bir xanımla tanış olub və daha sonra İrana səfər edib".

"İranda saxlandığını düşünürük"

Səfərlinin fevralın 20-də İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur. "Bu barədə heç kimə məlumat vermədiyi üçün tarixlə bağlı dəqiq məlumatımız yoxdur. Mart ayının 4-də Almaniyadakı ev yoldaşlarına İranda olduğunu bildirib, kartının işləmədiyini və ona bilet almalarını xahiş edib. O gündən sonra Fəriddən bir daha xəbər alınmayıb", - Əsgərova bildirib.

Onun sözlərinə görə, bilet Tehran-İstanbul-Berlin reysi üçün alınıb, amma o, Türkiyəyə giriş etməyib: "Məhz buna görə İranda saxlandığını düşünürük".

Əsgərova Almaniyada və Azərbaycanda müvafiq qurumlara müraciət olunduğunu bildirib: "Aradan beş gün keçməsinə baxmayaraq, Fəriddən heç bir məlumat yoxdur".

Xarici İşlər Nazirliyindən "Turan"a bildirilib ki, məsələ araşdırılır, lakin, hələlik, qurumda heç bir məlumat yoxdur.

Bütün bu deyilənlər ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə isə danışmaq mümkün olmayıb.

Xatırlatma

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.