İran millət vəkillərindən biri deyib ki, hakimiyyət icbari hicab qaydasını pozanlar üçün maliyyə cərimələri məsələsini müzakirə edir.
Əmirhüseyn Bankipur dövlət televiziyasına deyib ki, bu, hicab qaydasının pozulmasına görə şallaq kimi fiziki cəzadan və ya cinayət işlərinin açılmasından imtinanın başlanğıcı ola bilər.
İranlılar arasında məcburi hicab qaydalarından narazılıq xüsusilə də 2022-ci ildə gənc qadın Məhsa Əmininin polisdə müəmmalı şəkildə ölməsindən sonra daha da artıb və əslində ölkəni bürümüş etiraz aksiyalarının əsas hədəflərindən biri də hicab olub.
Bankipur vurğulayıb ki, əsas hökumət və dövlət strukturları arasında hicab qaydasının pozulmasına görə yalnız pul cəriməsi tətbiq olunmasına dair konsensus əldə olunub.
Buna da bax: Dunya Miyatoviç: 'Azərbaycan hakimiyyəti öz öhdəliklərinə açıq hörmətsizlik nümayiş etdirir'Pul cəriməsi daha az qarşıdurma yaradır
Deputat bunu da bildirib ki, bu konsensus əldə olunmazdan əvvəl hicab qaydasını tətbiq edən əxlaq polisinin və cinayət işləri qaldırılmasının lazımi effekt verməməsi və əksinə etirazlara səbəb olması qiymətləndirilib.
Millət vəkilinin dediyinə görə Mədəni İnqilabın Ali Şurası və Ali Milli Təhlükəsizlik Şurası da daxil əsas dövlət qurumları belə bir qərara gəliblər ki, hicab qaydasının tətbiqində pul cərimələri daha az qarşıdurma yaradan tədbirdir.
Bankipur ötən ay işarə etmişdi ki, Hicab və Bakirəlik qanununun yeni layihəsində hicab qanununu pozanlar üçün 30 milyon İran rialı (50 dollar) məbləğində cərimə nəzərdə tutulacaq. Qanunu təkrar pozanlar əlavə cərimə ödəməli ola bilərlər.
Lakin polisin sözçüsü hələlik bu barədə bildirişin alınmadığını deyib.
Sözü gedən qanun layihəsində qanunu pozan qadınlara qarşı tədbir görülməsi üç kəşfiyyat idarəsi – Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçilərinin Kəşfiyyat təşkilatı və Ədliyyənin Kəşfiyyat İdarəsi ilə yanaşı, polisə və Bəsic qüvvələrinə həvalə edilir.
Buna da bax: Rusiya boyunca Mərkəzi Asiya miqrantlarına qarşı zorakılıqlar qeydə alınırRepressiyalar
"Hengaw" insan haqları təşkilatının son hesabatında deyilir ki, 2023-cü ildə azı 147 qadın fəal İran ədliyyə sisteminin mühakiməsinə məruz qalıb. Çıxarılan hökmlərə həbs, şallaq, bir halda isə ölüm cəzası daxildir.
Ümumilikdə 139 qadın fəal 553 il və 10 aylıq həbsə məhkum edilib. 10 nəfər isə həbs cəzasından başqa 557 şallağa da məhkum olunub ki, bu da İranda qadın fəallara sərt cəzaların kəsildiyini göstərir.
2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan və polis nəzarətində vəfat edəndən sonra İranı etirazlar bürüyüb, qadınlara daha çox azadlıqlar tələb olunub. Ədliyyə sistemi deputatların dəstəyi ilə etirazlara sərt reaksiya verib.
Çoxsaylı etirazçılar daxil olmaqla minlərlə insan, o cümlədən jurnalistlər, vəkillər, fəallar, rəqəmsal hüquq müdafiəçiləri saxlanılıb. Azı doqquz etirazçı edam edilib. İnsan haqları qrupları və bəzi Qərb hökumətləri məhkəmələri "saxta" adlandırıb.
BMT-nin İnsan Haqları Şurasının fakttoplama komitəsi qadınlara qarşı belə sərt tədbirləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib.
Buna da bax: Gürcüstanda 'LGBT təbliğatı'nı qadağan edən qanunMövcud qanun
İranda 1979-cu il İslam inqilabından sonra qadınlar üçün hicab məcburi elan edilib.
2023-cü ilin sentyabrında “Hicab və bakirəlik” haqqında qanun qəbul olunub.
Bu qanunda hicab qaydasını pozan qadınlar üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Belə qadınlara qarşı habelə 360 milyon İran rialı (8522 dollar) cərimə və ya şallaq cəzası da tətbiq oluna bilər.
Bundan əvvəlki qanunda belə pozuntular üçün həbsxana cəzasının müddəti 2 il, cərimə isə 12 dollar idi.
İnsan haqlar müdafiəçilərinin məlumatlarına görə etiraz aksiyaları müddətində 600-dək nümayişçi həlak olub, 20 minədək şəxs həbs edilib.