'Ahmadinejad yoxsullara kartof paylayırdı, Raisi un paylayır'

Mahmoud Ahmadinejad

İranın keçmiş prezidenti Mahmoud Ahmadinejad-ın prezident seçkisinə qatılmaq qərarı İranda çaşqınlıq yaradıb. Axı, ölkənin ali dini lideri Ali Khamenei onu ötən il bunu etməməyə çağırmışdı.

«The Financial Times» yazır ki, bu qərar 19 may seçkisində mərkəzçi prezident Hassan Rouhani-ni postdan uzaqlaşdırmağı hədəfləyən sərt-xətt tərəfdarlarının işini çətinləşdirə bilər.

Düzdür, siyasi təhlilçilər Mühafizə Şurasının Ahmadinejad-ı seçkiyə buraxacağına şübhə edirlər. Amma, yenə də, onun bu addımı istənilən halda mühafizəkarlara problem yarada bilər.

Ahmadinejad çərşənbə günü qeydiyyatdan ötrü sənədlərini verəndən sonra deyib ki, «İran xalqının nökəridir»: «Hamımız proqres, ədalət və azadlıq uğrunda birləşməliyik. Gələcəyə böyük ümid bəsləməliyik».

Ali Khamenei isə hələ ötən il deyirdi ki, bir nəfərdən namizədliyini verməməyi istəyib, çünki bu, məqsədəuyğun deyil və İran siyasətini qütbləşdirə bilər.

«HƏDƏFİ ALİ DİNİ LİDERDİR»

2005-2013-cü illərdə prezident olmuş M.Ahmadinejad yoxsullar arasında populyardır.

Amma 2009-cu ildə təkrar seçiləndə rejimə qarşı itaətsizlik baş verib, müxalifət onun kütləvi saxtakarlıqla qalib gəldiyini bildirib. O zaman A.Khamenei prezidenti dəstəkləmiş, saxtakarlıq iddialarını rədd etmiş, öz baxışlarının digər siyasətçilərə nisbətən Ahmadinejad-a daha yaxın olduğunu dilə gətirmişdi.

Sərt xətt tərəfdarları lider kimi Ebrahim Raisi-ni görürlər

Amma sonra Ahmadinejad yenə də ali dini liderin qaydalarına əməl etmədi.

Çərşənbə günü sərt-xətt tərəfdarları dərhal onun qərarını pisləyiblər. Keçmiş tərəfdarı olan Elyas Naderan Twitter-də yazıb ki, Ahmadinejad-ın sonu gəlir. «Ahmadinejad-ın əsas hədəfi Hassan Rouhani deyil, ali dini liderdir. O bilir ki, seçkiyə buraxılmayacaq, amma özünü, ali dini lider dünyasını dəyişəndən sonra siyasi liderə çevrilə biləcək müxalifət lideri kimi aparır, gələcəyə sərmayə qoyur», – islahatçı xətt tərəfdarı olan təhlilçi deyir.

KARTOF VƏ UN

Ahmadinejad bu yaxınlarda «bəzi adamların təbiətindəki sülalə» xislətini tənqid etmişdi. Bu tənqidi çoxları 77 yaşlı ali dini lideri A.Khamenei-yə hücum kimi yozdular.

Sərt xətt tərəfdarları nüfuzlu ruhani Ebrahim Raisi-ni lider kimi görürlər. O, hələ rəsmi qeydə alınmayıb, amma bəziləri onun Ahmadinejad tərəfdarlarının dəstəyini qazanmaqdan ötrü populist siyasətə əl atdığını düşünürlər. Məsələn, Ahmadinejad parlament seçkisindən öncə yoxsullara kartof paylayırdı, Raisi isə un paylayır.

Mühafizəkarlara yaxın siyasətçi Amir Mohebbian Raisi-nin sərt-xətt düşərgəsindəki saysız problemləri üstələyəcəyinə şübhə edir: «Ahmadinejad öz maxinasiyaları ilə Raisi-nin görünməsinə imkan verməyəcək. Ahmadinejad-ın qatılacağı seçki döyüş filminə bənzəyəcək ki, bunun da komediya, yaxud tragediyaya çevriləcəyi bəlli deyil».

Mahmud Ahmadinejad və Hamid Baghaei

ÇIXILMAZ DURUM

M.Ahmadinejad namizəd olmaq istəyini keçmiş vitse-prezident Hamid Baghaei-ni dəstəkləmək niyyətilə izah edib. Vaxtilə, 2013-cü ildə keçmiş prezident Ali Akbar Hashemi Rafsanjani də oxşar addım atmış, namizədliyi qeydə alınmamış, daha sonra seçki kampaniyasında Hassan Rouhani-ni dəstəkləmişdi.

«Stratfor» Təhlil Mərkəzi yazır ki, Ahmadinejad Mühafizlər Şurasını qəribə duruma salıb. Şura keçmiş prezidentin, yoxsa onun vitse-prezidentinin namizədliyini təsdiqləmək qərarını verməlidir. Ahmadinejad seçkiyə buraxılmasa, tərəfdarları Baghaei ətrafında toplaşacaq. Heç birinin namizədliyi qeydə alınmasa, onları dəstəkləyən populist dairələr arasında itaətsizlik yaranar.

«Ən vacibi odur ki, onun namizəd olmaq istəyi İranın çıxılmaz siyasi durumda olduğunu üzə çıxarır. Khamenei 30 ilə yaxındır ölkənin siyasi sistemini idarə edir. Amma indi bu islam respublikasında nüfuz savaşına üç siyasi nəsil qoşulub – Ahmadinejad kimi populistlər, Raisi kimi ənənəvi mühafizəkarlar və Rouhani kimi mötədillər», – «Stratfor»un təhlilində deyilir.