Qəzalı İran tankeri Səudiyyədən kömək istəyib

İranın HAPPINESS I xam neft tankeri (Foto əvvəllər çəkilib)

Səudiyyə hakimiyyət orqanları ölkənin sahil xəttində İran neft tankerlərindən birinin qəza siqnalını alıb. Siqnal səudlara Nyu Yorkdakı BMT qərargahı vasitəsilə ötürülüb.

Saudi Press agentliyi mayın 2-də xəbər verib ki, “krallıq BMT-dəki nümayəndəsi vasitəsilə rəsmi kömək ricası alıb”.

Bu ricanı İranın BMT-dəki nümayəndəsi təqdim edib.

Səudiyyə bildirir ki, tankerə kömək göstərilməsi və ətraf mühitə mümkün ziyanın qarşısının alınması üçün bütün lazımi tədbirlər görülüb.

Sünni çoxluğuna malik Səudiyyə Ərəbistanı və şiə İran regionda sərt rəqabət aparırlar. İki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildən pozulub.

İran Neft Nazirliyinin SHANA xəbər agentliyi mayın 2-də bildirib ki, Happiness I adlı neft tankeri “mühərrikinin sıradan çıxması və idarəetməni itirməsi” səbəbilə Səudiyyə portlarından birinə qəza siqnalı göndərib.

Qırmızı dəniz

SHANA agentliyinin xəbərində isə deyilıir ki, Qırmızı dənizlə Süveyş kanalı istiqamətində üzən neft tankeri mühərrik bölümünə su sızması ilə bağlı hərəkətini dayandırmalı olub.

Bu da bildirilir ki, müvafiq rəsmi şəxslərin koordinasiyası ilə gəmi Səudiyyənin Ciddə limanına səmtləndirilib.

Xilasetmə əməliyyatında Səudiyyə sərhəd keşiyi qüvvələrinin, Səudiyyə dəniz limanları idarəsinin və Aramco neft şirkətinin gəmiləri iştirak edib.

İran rəsmiləri qəzanın aprelin 30-da baş verdiyini bildiriblər.

Səudiyyənin dövlət xəbər agentliyi 24 iranlı və iki banqladeşli olmaqla 26 heyət üzvünün xilas olunduğunu bildirib.

Xəbərlərdə gəmi heyətinin spesifik yeri və tankerdən neft sızıb-sızmadığı bildirilmir.

TankerTrackers dənizçilik monitorinqi qrupunun təxminlərinə görə İran gəmisinin tankerində 1, 22 milyon barrel neft var.

MarineTraffic.com monitorinq saytı isə sözü gedən gəmini mayın 2-də Ciddə limanının 40 kilometrliyində aşkar etdiyini bildirir.