İranda qadın müğənnilərə hücumlar güclənir

Müğənnilər Golsa Rəhim Zamani və Pərəstu Əhmədiyə ictimai çıxışlarına görə sosial mediadan istifadə qadağan edilib.

Müğənnilər Golsa Rəhim Zamani və Pərəstu Əhmədiyə ictimai çıxışlarına görə sosial mediadan istifadə qadağan edilib.

İran qadın müğənniləri susdurmaq üçün təzyiqlərini artırıb. Son həftələrdə bir neçə qadın saxlanılıb və ya hakimiyyət orqanları tərəfindən çağırılaraq onlara xəbərdarlıq edilib. Qadın müğənnilərin "Instagram" səhifələri bağlanıb.

1979-cu il inqilabından bəri İranda qadınların ictimai yerlərdə solo mahnı oxuması qadağan edilib. Lakin məhdudiyyətlərə baxmayaraq, bir çox qadın sənətçi həm mahnı oxumaq qadağasına, həm də ölkənin sərt hicab qanunlarına qarşı çıxaraq səslərini bölüşmək üçün sosial mediadan istifadə edir.

Onlardan biri Golsa Rəhim Zamanidir. Onun "Instagram" hesabı İran Kiber Polisinin əmri ilə qadağan edilib.

Digər müğənni Reyhanunun da səhifəsi silinib, müğənni və musiqi müəlliməsi Bita Hacı Sadeqian isə İsfahandakı səlahiyyətlilər tərəfindən çağırılaraq ona xəbərdarlıq edilib. Musiqi müəlliməsi "ictimai ədəb-ərkanı pozmaqda və nalayiq əsərlər dərc etməkdə" ittiham edilib.

Fevralda müğənni Hiva Seyfzadə Tehranda çıxış etdiyi vaxt mülkigeyimli agentlər onu həbs ediblər. Sonradan Hiva sərbəst buraxılsa da, onun sosial media hesabları bağlanıb.

Keçən ilin avqustunda müğənni Zara Esmaili ictimaiyyət qarşısında çıxış edərkən saxlanılıb. Onun Emi Uaynhausun "Back to Black" hitini ifa etdiyi video sosial mediada geniş yayılıb. Zaranın hazırda harada olduğu məlum deyil.

Dekabrda müğənni Pərəstu Əhmədi saçları açıq və kişilərdən ibarət musiqiçilərlə müşayiət olunan bir çıxış etmiş, bu isə böyük bir səs-küy yaratmışdı. "YouTube"a yüklənən bu video sürətlə yayıldı və həm qadın müğənnilərə qoyulan qadağaya, həm də İranın məcburi hicab qanunlarına meydan oxuduğu üçün ona təriflər gəldi. Bundan sonra o saxlanıldı, Pərəstu və onun musiqiçi yoldaşlarına qarşı "qanunsuz konsert" təşkil etdikləri üçün hüquqi prosedur başladıldı.

Bu repressiyalar din xadimləri də daxil olmaqla, bir çoxlarının tənqidinə səbəb olub.

Qum şəhərindən olan islahatyönümlü din xadimi Məhəmməd Tağı Fəzəli Meybudi qadınların mahnı oxumasına qarşı qadağanın əsassız olduğunu bildirib. O deyib ki, bunun üçün heç bir dini əsas yoxdur.

Karyerasının zirvəsində çıxışına qadağa qoyulan İranın musiqi ikonası Ququş da qadın musiqiçilərə dəstəyini ifadə edib.

"Bu, gələcək nəsillərin danışacağı tarixi bir məqamdır. Daha çox qadın səhnəyə çıxacaq - geriyə dönüş yoxdur", - o, dekabrda AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib.