Iran rial-ı ABŞ dollarına nisbətdə rekord həddə ucuzlaşdı

Foto arxiv

Iranın milli valyutası rial ABŞ dollarına nisbətdə yenidən kəskin ucuzlaşıb.

AzadlıqRadiosunun Assosiated-Press agentliyinə istinadla verdiyi məlumata görə, 1 ABŞ dolları iyulun 29-da 112 min rial olub ki, bir gün əvvəl məzənnə 98 min idi.

Amma rəsmi valyutadəyişmə məntəqələrində 1 ABŞ dollarının təxminən 44 min rial olduğu göstərilir.

İlin əvvəllərində isə rəsmi kurs təxminən 35 olub.

Tehran hökuməti ötən həftə Mərkəzi Bank-ın rəhbəriValiollah Seifinin valyuta siyasətini tənqid edərək,onu işdən kənarlaşdırıb.

Mütəxəssislər böhranın səbəbini ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsində görürlər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu ilin mayında ölkəsinin İranla 6 aparıcı dünya ölkəsi ilə imzalanmış nüvə sazişindən çıxdığını və Vaşinqtonun Tehrana qarşı iqtisadi sanksiyaları bərpa etdiyini bəyan elədi.

ABŞ iki mərhələdə, avqustun 6-ı və noyabrın 4-də İrana qarşı bütün sanksiyaları bərpa etmək fikrindədir.

Bir çox xarici şirkətlər buna görə İranla ticarət əlaqələrini kəsmək məcburiyyətində qalıblar.

Buna da bax:"İran etirazlarının 5 səbəbi".

Xatırladaq ki, Tehranla aparıcı dünya ölkələri arasında imzalanan nüvə sazişindən sonra İrana qarşı sanksiyalar aradan qaldırıldı, Tehran isə əvəzində nüvə fəaliyyətini dayandırdı.

Amma sazişə imza adan digər ölkələr-Almaniya, Böyük Britaniya,Fransa, Çin və Rusiya ona əməl edəcəklərini vəd ediblər.