İran səfirliyi qarşısında 'azadlıq' şüarı səsləndirilib

Sizin brauzer HTML5-i dəstəkləmir

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Sentyabrın 29-da bir qrup şəxs Bakıda İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Hadisə yerində olan polis əməkdaşları onları səfirliyə bir elə yaxın buraxmayıb. Aksiyaçılar "Azadlıq, ədalət, milli hökumət" və başqa şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları bildirib ki, onlar son günlər İranda baş verən hadisələrlə bağlı toplaşıblar.

Həmin şəxslər əlavə ediblər ki, İranın indiki dini rejimi bu ölkədə yaşayan bütün xalqlar, o cümlədən türklər üçün təhlükə daşıyır: "İranın totalitar molla rejimi insanların dini etiqad azadlığına, ifadə azadlığına, şəxsi həyatın toxunulmazlığına hörmət etmir və insanlara qarşı ən amansız üsullardan istifadə edir. Hətta aksiya iştirakçılarını öldürməyə belə çəkinmirlər…".

Aksiya iştirakçıları deyiblər ki, onlar İranda yaşayan bütün insanların, millətlərin qurtulmasını istəyirlər.

Aksiya insidentsiz başa çatıb. Orada səslənən fikirlərlə bağlı İran səfirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bu ölkənin rəsmiləri orada xalqların hüquqlarının pozulması ilə bağlı fikirləri qəbul etmirlər.

Xatırlatma

Sentyabrın 16-da İranda 22-yaşlı gənc Məhsa Amini soyadlı xanımı əxlaq polisinin saxlaması və daha sonra onun ölümü kütləvi etirazlara səbəb olub.

İranın bir çox əyalətlərini bürüyən etiraz aksiyalarında indiyə kimi onlarca şəxsin həlak olduğu bildirilir.