İran sərhədçilərinin Azərbaycan vətəndaşını öldürdüyü bildirilir

İran sərhədçisi

İran sərhədçilərinin sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürdüyü bildirilir.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, mayın 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Mircavad Musayevin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaq istərkən atəşlə öldürülməsi barədə məlumat daxil olub: "Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsi üçün İran tərəfinə müvafiq sorğu göndərilib".

Rəsmi açıqlamada M.Musayevin hansı səbəbdən sərhədi qanunsuz keçməyə cəhd etməsi göstərilmir. Onun ailə üzvlərindən, hələlik, olaya münasibət öyrənmək mümkün olmayıb.

Məsələyə İranın Azərbaycandakı səfirliyindən də münasibət almaq cəhdləri nəticə verməyib.