Sentyabrın 15-də Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüləri Barzegar Haqi Cəfər Qəzənfər və Novruzi Şahrud Heydərin barələrində Cinayət Məcəlləsinin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi açılıb.
Həmin maddələrdə söhbət qaçaqmalçılıqdan və Azərbaycan dövlət sərhədinin qanunsuz keçilməsindən gedir.
Bu barədə bugün, oktyabrın 13-də Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
Məlumata görə, onların İrana ekstradisiya edilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Buna da bax: İran Azərbaycanda saxlanmış sürücüləri buraxdırmağa çalışırNə baş verib
Sentyabrın 12-dən Azərbaycan polisi Gorus-Qafan yolunun onların nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa, sənədlərini yoxlamağa başlayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsi İran maşınlarından rüsum alınmasının ölkə qanunvericiliyinə uyğun olduğunu bildirib.
İki sürücünün saxlanması isə onların Azərbaycan ərazisinə qanunsuz yollarla girməsilə izah olunub.
İran Xarici İşlər Nazirliyindən qonşu ölkələrin ərazi bütövlüyünün Tehran üçün prioritet olduğu vurğulanmışdı. Amma sonradan bu ölkə rəsmiləri sürücülərin dərhal buraxılmasını, eləcə də məsələnin həllindən ötrü rəsmi şəxslərlə görüş tələb etmişdilər.
Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xatibzadə açıqlama vermişdi.
Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir.