İranın xarici işlər naziri ABŞ-nin Tehranın nüvə ambisiyaları ilə bağlı birbaşa danışıqların keçirilməsi ilə bağlı təkliflərini rədd edib. Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp üzbəüz danışıqlara çağırış etmişdi.
İran Xarici İşlər Nazirliyinin aprelin 6-da yaydığı bəyanatda Abbas Əraqçi Tehranın Vaşinqtonla dolayı danışıqlara hazır olduğunu bildirib.
"İran bütün mümkün və ehtimal olunan hadisələrə qarşı hazırlıqlıdır. Necə ki diplomatiya və danışıqlarda ciddi və prinsipial mövqe tutur, eyni qətiyyət və ciddiyyətlə də milli maraqlarını və suverenliyini müdafiə edəcək", – onun sözlərindən sitat gətirilib.
Əraqçinin bu açıqlamaları Trampın Tehrana "birbaşa danışıqlar" təklif etməsindən üç gün sonra səslənib. Tramp bildirmişdi ki, belə danışıqlar "daha sürətlidir" və qarşı tərəfi daha yaxşı anlamağa imkan verir.
Ötən ay prezident Tramp İranın ali dini rəhbəri Əli Xameneiyə məktub göndərərək danışıqlara çağırıb və diplomatiya uğursuz olacağı təqdirdə hərbi tədbirlər barədə xəbərdarlıq edib.
İran prezidenti Məsud Pezeşkian isə aprelin 5-də bildirib ki, Tehran "bərabər əsaslar üzərində" dialoqa hazırdır.
2015-ci ildə İran nüvə fəaliyyətini məhdudlaşdırmaq üçün ABŞ, Fransa, Çin, Rusiya, Britaniya və Almaniya ilə mühüm razılaşma əldə edib.
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan 2015-ci il sazişi İran iqtisadiyyatına tətbiq olunmuş sanksiyaları yüngülləşdirib.
Trampın ilk prezidentliyi dövründə ABŞ sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib.
Rəsmi Tehran İranın nüvə silahı yaratmağa çalışması ilə bağlı Qərbin iddialarını rədd edir və bunun elektrik enerjisi istehsalı kimi mülki məqsədlərə yönəldiyini bildirir.