İran ABŞ-i məhkəməyə verir - YENİLƏNİB

İranın xarici işlər naziri Mohammad Javad Zarif

İyulun 17-də ABŞ Dövlət Departamentinin rəsmisi “Reuters” agentliyinə anonimlik şərtilə danışıb. O, İranın iddiasını “əsassız” adlandırıb və deyib ki, Vaşinqton “məhkəmədə Birləşmiş Ştatları qətiyyətlə müdafiə edəcək”.

***

Beynəlxalq Ədalət Məhkəməsi təsdiq edib ki, İran, prezident Donald Trump-ın ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxarmasına və Tehranın üzərinə sanksiyaların bərpa edilməsinə görə Birləşmiş Ştatları məhkəməyə verib.

Tehran iddia edir ki, ABŞ-ın nüvə sazişindən çıxması qeyri-legitim addım olub.

Bundan bir gün əvvəl İranın xarici işlər naziri Mohammad Javad Zarif Twitter-də yazıb ki, Tehran onun üzərinə birtərəfli qaydada sanksiyaların bərpası ilə əlaqəfar Vaşinqtonu məhkəməyə verib:

“İran qanunun aliliyi prinsipinə sadiqdir”.

Zarif yazıb ki, İranın bu iddiası “ABŞ-ın beynəlxalq qanunları pozmaq vərdişinə qarşı qaldırılıb”.

Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa İttifaqı tərəfindən imzalanmış 2015-ci il nüvə sazişinə görə Tehranın öz nüvə fəaliyyətini qısması müqabilində İranın üzərindəki beynəlxalq sanksiyalar qaldırılması nəzərdə tutulmuşdu.

ABŞ-ın ikinci dərəcəli sanksiyaları qüvvədə qalsa da, 2015-ci il sazişi İrana öz neftini beynəlxalq bazarlarda satmaq imkanı vermişdi.

Lakin ötən may ayında Trump ABŞ-ı birtərəfli qaydada nüvə sazişindən çıxardığını bəyan edib.

Trump bir neçə gün əvvəl keçirilmiş NATO sammitində deyib ki, İranın üzərinə sanksiyaların gücləndirilməsi Tehran üzərinə təzyiqi gücləndirəcək.

Trump demişdi: “Onlar müəyyən bir məqamda mənə zəng edib deyəcəklər: gəl razılığa gələk və biz razılığa gələcəyik”.

Lakin İran XİN-in sözçüsü Bahram Ghasemi iyulun 17-də deyib ki, “Trump beynəlxalq sazişdən çıxdıqdan sonra danışıqlar aparmaq istəyirsə əvvəlcə özünə zəng etməli olacaq, çünki hazırda İranın ali rəhbərliyi Birləşmiş Ştatlarla hər hansı danışıqları rədd edir”.