İranda gənclərin tələbi: 'Farscayla bərabər türkcə rəsmi dil olsun!'

Təbrizdə stadionda türkcənin ikinci rəsmi dil elan edilməsi tələbi yazılmış plakat

İranda minlərlə gənc türkcənin rəsmi dil elan edilməsi tələbiylə hökumətə müraciət ünvanlayır. Bu haqda AzadlıqRadiosu-na həmin gənclərdən biri, Urmiyədə yaşayan tələbə Zəkəriyyə Safayi danışır:

– Fevralın 21-də bütün dünyada beynəlxalq Ana dili günüdür. Bu gün münasibətiylə 4 mindən çox imza yığılıb. Bu imzaların yığılmasında məqsəd ölkədə farscayla bərabər türkcənin də rəsmi dil elan olunmasıdır. İstəyimiz budur. Yəni necə ki farsca rəsmi dildir, türkcənin də bütün sahələrdə rəsmi dil olmasını istəyirik.

– Təşəbbüs kimdən gəldi?

– Bu işi başlayanlar elə tələbələr oldu. Urmiyə, Təbriz, Marağa, Zəncan tələbələri. Qaşqay dostlarımız da bizə qoşularaq dəstək verdilər. Bu günədək 4 min imza yığılıb.

Buna da bax: İran Azərbaycanla yaxın bölgələrdə yeni xəstəxanalar tikir [video]

– İmzatoplama kampaniyası davam edir, ya artıq müraciəti hökumətə göndərmisiniz?

– Artıq başa çatmaqdadır. İmzalar hissə-hissə gəlməkdədir. Bəlkə də 4500 oldu.

– Zəkəriyyə bəy, türkcənin ölkədə ikinci rəsmi dil olmasını istəyirsiniz, bəs...

– İkinci dil yox, elə farscayla yanaşı, bərabər səviyyədə rəsmi dil olmasını istəyirik.

– İran hökumətinə müraciətinizdə bu tələbi necə əsaslandırmısınız?

– İranda türklərin çox böyük bir tarixləri var. Biz həm tarixi baxımdan, həm də coğrafi baxımdan belə bir istəklə çıxış etmək haqqına sahibik. Ondan başqa, cəmiyyətdə türklər də say baxımdan çoxluq təşkil edir, ən azından, farslar qədərik. Bəzi mənbələrdə hətta farslardan çox olduğumuz da iddia edilir. Türklər İranın dörd bir yanına dağılıblar, tək Azərbaycanda yaşamırlar. Dediyim kimi, qaşqaylar da var, onlar da bu işə qatılmışdı. Bunun üçün də farsca qədər türkcənin də dövlət dili olması haqqı var deyə düşünürük.

Buna da bax:​ Azərbaycan Dəmir Yolları İrana yük daşımalarına başlayacaq

– Sizcə, İran hökuməti bu müraciəti müsbət cavablandırmağa hazırdırmı?

– Ötən illərdə də belə cəhdlər, müraciətlər olub. Amma İran hakimiyyəti buna cavab verməyib. Buna baxmayaraq, biz yenə də istəyimizi dilə gətiririk. Üç il qabaq da ana dili günündə belə bir müraciət etmişdik. Yenə də nəticə gözləmirik. Sadəcə, bu, həm hakimiyyətə, həm də müxalif cəbhələrə bir siqnal ola bilər.

– Necə bir siqnal ola bilər?

– Bir qədər əvvəl İranda yürüşlər, etirazlar oldu, müxalif tədbirlər keçirildi. Amma Azərbaycandan, türklərdən bir səs çıxmadı. Burda yaşayan türklərin onilliklərdir bir istəkləri var. O da ana dili ilə bağlıdır. Amma bu günə kimi hakimiyyətdən buna bir cavab verilməyib. Otuz ildir, qırx ildir səslənən tələbləri yenə səsləndiririk, biz dilimizi istəyirik, onun rəsmiləşməsini istəyirik, türkcəmizdə danışmaq, yazmaq istəyirik.

Buna da bax:​ İranın əsl xarici işlər naziri kimdir

– Yeri gəlmişkən, məktəblərdə durum necədir? Zaman-zaman türkcə məktəblərin açılması tələbi də gündəmə gəlir. Hər hansı bir dəyişiklik varmı?

– İranda türkcə mədrəsə, məktəb yoxdur. İllərdir bunu deyirik, bunu tələb edirik. Türkcə təhsil istəyirik. Amma hakimiyyət susur. İranın Ana Yasasında deyilir ki, türkcə tədris olunmalıdır. Amma tədris edilmir. Ona görə də bu dəfə daha böyük addım atmaq istədik. Bu gün biz Ana Yasada yazılanlarla kifayətlənməyərək deyirik ki, türkcəmiz ən azı farsca qədər rəsmiləşsin.