İran Türkiyəni Suriyadakı hücumunu dayandırmağa çağırır

İran XİN-in sözçüsü Bəhram Qasemi

İran fevraın 5-də Türkiyəni Suriyadakı hərbi hücum əməliyyatlarını dayandırmağa çağırıb.

Reuters-in xəbərinə görə, Tehran bildirir ki, Afrin anklavında aparılan hərbi əməliyyatlar Suriyanın suverenliyini pozur və müharibənin əldən saldığı ölkədə gərginliyi daha da artırır.

Türkiyə ötən ay Suriyanın şimalındakı Afrin regionunda kürd YPG yaraqlılarına qarşı kod adı “Zeytun bufaqı” olan hava və quru əməliyyatına başlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi IRNA dövlət xəbər agentliyinə deyib ki, “Türkiyə hücumu dayandırmalı, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə ehtiram göstərməlidir”.

Qasemi deyib ki, “Türkiyənin hərəkətləri sabitsizlik və terroru yenidən Suiryaya qaytara bilər”.

O həmçinin bildirib ki, Suriya böhranı ilə bağlı bütün məsələlər Qazaxıstanın paytaxtı Astanada keçirilən və Rusiya, İran və Türkiyə tərəfindən aparılan danışıqlar çərçivəsində həll olunmalıdır.

Türkiyə "Zeytun budağı" əməliyyatına ötən ay başlayıb

Qasemi deyib ki, İran Suriyadakı son hadisələri həm Türkiyə, həm də Rusiya ilə müzakirə etməkdə davam edir.

Rusiya və İran Suriyadakı münaqişədə prezident Assad-ı, Türkiyə isə Assad-ın opponentlərini dəstəkləyir.

Ankara Afrin regionuna nəzarət edən və ABŞ tərəfindən dəstəklənən YPG-ni Kürdüstan İşçi Partiyası PKK-nın bir qolu kimi terrorçu təşkilat olmaqda ittiham edir.

Türkiyə dövləti 1984-cü ildən bəri PKK-ya qarşı mübarizə aparır.

Suriya hökuməti ötən həftə Türkiyənin Afrinə hücumunu qanunsuz “təcavüz” adlandırmış və bu hücuma lazımınca cavab veriləcəyini bəyan etmişdi.