İran diplomatı və Rusiya səfiri nədən danışıb

Rusiya və İran bayraqları

İran xarici işlər nazirinin köməkçisi və Avrasiya Direktorluğunun rəisi Moctəba Dəmirçilu Tehranda Rusiya səfiri Aleksey Dedov ilə görüşündə Qafqazda davamlı sülhün bərpasının vacibliyini vurğulayıb. Bu barədə İran XİN məlumat yayıb.

Diplomat həmçinin regiondakı ölkələrin hamısının qanuni narahatlığını və maraqlarını nəzərə almağın vacibliyini qeyd edib.

İran diplomatı görüşdə onu da deyib ki, ölkələrin dövlət suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı maraqlarına sayqı davamlı sülhün təminatçısıdır, Qafqazda regional əməkdaşlığım təməlidir.

XİN-in məlumatında deyilir ki, İran rəsmisi regionda beynəlxalq səviyyədə tanınmış sərhədlərin hər hansı formada dəyişdirilməsinə, geosiyasi dəyişikliyə qarşıdır.

Tərəflər həmçinin "3+3" məşvərət mexanizmi çərçivəsində gözlənən görüşü, o cümlədən İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər.

Səfir İran XİN-ə çağırılıb?

Azərbaycanın hökumətyönlü mediası bu görüşü səfirin İran XİN-ə çağrılması kimi təqdim edir, səbəbin Rusiyanın "Zəngəzur dəhlizi"ni dəstəkləməsi ilə bağlı olduğunu yazır.

Elə İranın da bəzi media orqanları bu görüşlə bağlı xəbəri “İran Rusiyanı Zəngəzur dəhlizi ilə bağlı siyasətinə görə tənbeh edir” başlığı ilə veriblər.

İran Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə Ermənistanın Sünik vilayətindən keçməklə birləşdirəcək nəqliyyat marşrutuna qarşıdır.

Bakının işlətdiyi "Zəngəzur dəhlizi" ifadəsini Yerevan qəbul etmir, dəhliz məntiqinə qarşı çıxır. Azərbaycan ötən ay bildirib ki, ikitərəfli sülh sazişinin imzalanmasını yubatmamaq üçün regional kommunikasiyaların açılması bəndi müvəqqəti olaraq saziş layihəsindən çıxarılıb.

Avqustun ortasında Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj etməkdə suçlayıb. Ermənistan isə buna sərt reaksiya verib, Lavrovun Rusiyanın Ermənistan-Azərbaycan sülh danışıqlarındakı, guya, "konstruktiv" rolunu sual altında qoyduğunu bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.