İranda aclıq edən məhbusların tələblərinin yerinə yetirildiyi deyilir

Tehranın Evin həbsxanası

İranda həbsxanada aclıq elan edən türk milli fəallar tələbləri yerinə yetirildiyi üçün aksiyaya son qoyublar.

Bu haqda AzadlıqRadiosuna əslən İrandan olan, hazırda ABŞ-da yaşayan Ramin Cabbarlı məlumat verib.

Onun sözlərinə görə, həbsxana rəhbərliyi aclıq edənləri qəbul edib:

“Milli fəalların tələblərinə uyğun olaraq ağır cinayətlər işləmiş məhbuslar siyasi məhbusların saxlanıldığı bölmədən çıxarılıblar. Həbsxana məsulları bir sıra digər məhbus haqlarının pozulmayacağına dair də söz veriblər”.

Abbas Lisani, Yusif Kari, Əli Vasiqi, Rza Vasiqi Mehrdad Şeyxinin həbsxanada haqlarının pozulmasına etiraz olaraq aclıq aksiyasına başladıqlarını bəyan etmişdilər.

Sonradan onlara Tehranın Evin həbsxanasında saxlanılan daha 3 milli fəal - Siyamək Mirzayi, Behnam Şeyxi, Kiyanuş Əslaninin qoşulduqları deyilirdi.