İranda 'çoxlu sayda' məhbus əfv edilib, elə həmin gün jurnalist həbs olunub

Ayətullah Əli Xamenei , arxiv foto

İranın ali dini lideri Ayətullah Əli Xamenei təhlükəsizliklə bağlı ittihamlara görə hökumətə qarşı son etirazlarda həbs olunan çoxlu sayda məhbus da daxil olmaqla, “on minlərlə” məhbusu əfv edib.

Bu barədə fevralın 5-də dövlət mediasına istinadla Reuters məlumat yayıb.

Buna da bax: Rejissor Cəfər Pənahi zaminə buraxılıb

Dövlət mediasının yaydığı məlumata görə, “xarici qurumlara casusluq, xarici agentlərlə birbaşa əlaqədə olmaq, qəsdən adam öldürmə və xəsarət yetirmə, dövlət əmlakının dağıdılması və yandırılması ittihamı irəli sürülməyən və ya onların işində şəxsi iddiaçısı olmayan məhbuslar əfv olunacaq”.

O da vurğulanır ki, bu bağışlama 1979-cu il İslam İnqilabının ildönümü şərəfinə elan edilib.

Əfv xəbərlərinin yayılmasından sonra yerli medianın yazdığına görə, İran hakimiyyəti islahatçı nəşrin jurnalistini saxlayıb. O da qeyd olunr ki, həmin jurnalistin bacısı da Məhsa Əmininin ölümü ilə bağlı xəbər yaydıqdan sonra saxlanılıb və hələ də həbsdədir.

Nilufər Həmidi və İlahə Məhəmmədi, iranlı jurnalistlər

Qeyd olunur ki, "Hammihan" qəzetinin müxbiri Elnaz Məhəmmədi Tehrandakı Evin prokurorluğuna "izahat vermək üçün" getdikdən sonra saxlanılıb.

Jurnalist prokurorluğa niyə çağırıldığı açıqlanmayıb. Onun bacısı İlahə Məhəmmədi sentyabrın 29-da Əmininin dəfn mərasimindən "Hammihan"a xəbər verdikdən sonra həbs edilib.

Ötən ilin sentyabrdan İranda etirazlar başlayıb. Bu kütləvi etirazlar hicab qaydasını pozma ittihamı ilə polis məntəqəsinə aparılan və daha sonra xəstəxanada vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb və hələ də səngimək bilmir.

Buna da bax: İranda İslam inqilabı plakatlarına od vurulur

İrandakı etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakla bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.