İranda edamlar son səkkiz ilin rekord həddinə çatıb

Brüsseldə İranda edamlara qarşı etiraz aksiyası

2023-cü ildə İranda edamlar son səkkiz ilin rekord həddinə çatıb.

Amnesty International təşkilatının hesabatında deyilir ki, bu edamların təxminən yarısı narkotiklərlə bağlı çıxarılmış hökmlər əsasında icra olunub.

Təşkilat vurğulayır ki, bu fakt İran hakimiyyətinin əhalinin yoxsul və marginallaşmış təbəqələrini narkotiklərlə bağlı ifrat hədəflədiyini göstərir.

Aprelin 4-də açıqlanmış hesabatda deyilir ki, ötən il İranda 853 edam icra olunub və bunun 481-i narkotiklərlə bağlı olub.

Amnesty-nin Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini Diana Eltahavi deyib:

“Ölüm cəzası bütün hallarda müdhiş cəzadır, lakin bunun İnqilab Məhkəmələrinin əsasən ədalətsiz hökmləri vasitəsilə geniş miqyasda həyata keçirilməsi hakimiyyətdən misilsiz şəkildə sui-istifadə deməkdir”.

Buna da bax: Türkmənistanda tələb: 'Pensiyanı almaq istəyirsən, ölmədiyini təsdiqlət'

Etnik azlıqlara qarşı

Eltahavi əlavə edib ki, İranın dəhşətli antinarkotika siyasəti yoxsulluğun artmasına, sistematik ədalətsizliyə və marginallaşmış icmalara qarşı diskriminasiyaya rəvac verir.

Eltahavi bu baxımdan xüsusilə də bəluc etnik azlığının problemlərini dilə gətirib.

Amnesty hesabatı habelə hökumətin ölüm hökmlərindən etirazçılara, dissidentlərə və məzlum etnik azlıqlara qarşı silah kimi istifadə etməsini tənqid edir.

Hesabat dünya birliyini İranda ölüm hökmlərinə moratorium qoyulması üçün Tehrana təzyiqləri artırmağa çağırır.

2022-ci ilin ikinci yarısında İranı etirazlar dalğası bürüyəndə Amnesty yazırdı ki, “İran hakimiyyəti ölüm hökmündən fərqli düşüncəyə qarşı istifadəni intensivləşdirib”.

Buna da bax: Ünvanlı sosial yardım alanlar kəskin azalanda uşaqpulu yada düşür...

Rəsmi statistika olmasa da

Bu da qeyd olunur ki, İranda ötən il ərzində edamların sayı 2015-ci ildən bəri ən yüksək nöqtəsinə çatıb.

Bu, həm də İbrahim Rəisinin prezident, Qulamhsüeyn Ejeyinin isə ədliyyə başçısı olduğu 2021-ci illə müqayisədə 172 faiz çoxdur.

İran hökuməti edamlarla bağlı rəsmi statistikanı açıqlamır və buna görə də Amnesty hesabatı hazırlayarkən İran insan haqları qruplarının sənədləşdirdiyi hallara, dövlət mediası kimi açıq mənbələrə istinad edib.

2024-cü ilin 20 martınadək olan müddətdə 95 edam haqqında xəbərlər verilib. İnsan haqları qrupları isə bildirirlər ki, edamların real göstəriciləri bundan daha yüksək olmalıdır.