İranda antihökumət etirazları üçüncü gündür ki, davam edir. Adamlar ötən həftə Ukrayna sərnişin təyyarəsinin İran hərbi qüvvələri tərəfindən vurulması faktının ört-basdır edilməsi cəhdinə görə ölkənin ali rəhbəri Ali Khamenei də daxil ölkə rəhbərliyinin istefasını tələb edirlər.
Yanvarın 13-də Tehranın Şərif Texnoloji və Əmir Kəbir universitetlərində mitinqlər keçirilib.
“Mollalar, çıxıb gedin”
Nümayişçilər “mollalar çıxıb gedin” kimi şüarlar səsləndirirdilər.
Sosial mediada yayılmış videolardan İsfahan Texnoloji Universitetində də etiraz aksiyasının keçirildiyi məlum olur.
Bundan əvvəl internetdə yayılan videolarda polisin etirazçılara döyüş güllələri atdığı görünürdü.
Hakimiyyət orqanları bu iddiaları rədd edir.
Buna da bax: İranda etirazlar başlayıb
İran hərbiyyəsi yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğramış Boeing 737-800 sərnişin təyyarəsini səhvən raketlə vurduğunu etiraf edib.
Təyyarədəki 176 nəfərin hamısı həlak olub.
Bu faciədən bir neçə saat əvvəl İran İraqdakı ABŞ bazalarına raket zərbələri endirirdi.
Tehran faciədən dərhal sonra təyyarəni vurduğunu inkar edirdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Polislərə təmkin göstərmək tapşırılmışdı…
İran hakimiyyəti təyyarənin ballistik raketlə vurulduğunu yalnız yanvarın 11-də etiraf etdikdən sonra Tehranda və başqa şəhərlərdə etiraz aksiyaları başlanıb.
Yanvarın 13-də Tehran polisinin rəisi Hossein Rahimi etirazçılara atəş açıldığı barədə xəbərləri təkzib edib.
O bildirib ki, polislərə təmkin göstərmək tapşırılmışdı.
Almaniyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, iranlılara küçələrə çıxaraq “kədər və hiddətlərini” ifadə etmək imkanı verilməlidir.
Bundan bir gün əvvəl ABŞ prezidenti Donald Trump İran hakimiyyətini antihökumət etirazçılarını təqib etməməyə çağırnışdı:
“İndiyədək minlərlə insan tərəfinizdən ya öldürülüb, ya da məhbəsə atılıb. Dünya sizə baxır. Bundan da mühümü odur ki, ABŞ sizə baxır”.
Yanvarın 13-də İran hökumətinin sözçüsü Ali Rabiei Trump-ı iranlılar üçün “timsah göz yaşları axıtmaqda” ittiham edib.
Britaniya sərt bir şəkildə etiraz edir
Bu arada Britaniya öz səfirinin Tehranda qısa müddət ərzində saxlanmasına etiraz bildirmək üçün İranın Londondakı səfirini Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinə dəvət edib.
Baş nazir Boris Johnson-un sözçüsü deyib ki, Britaniya hökuməti səfirlə rəftara görə İran hökumətinə “ən sərt şəkildə etiraz edir” və Tehranın bu hərəkətlə diplomatik münasibətlərə dair Cenevrə Konvensiyasını kobud şəkildə pozduğunu bildirir:
"İran hökuməti bizə tam zəmanət verməlidir ki, belə bir hal bir daha təkrar olunmayacaq”.
Buna da bax: İngiltərə səfiri Tehranda qısa müddətə saxlanılıb
Britaniyanın İrandakı səfiri Rob Macaire yanavrın 11-də təyyarə qəzası qurbanlarının xatirəsinin yad edilməsi mərasiminə qatıldıqdan sonra qısa müddətə polis tərəfindən saxlanmış və ölkənin daxili işlərinə qarışmaqda ittiham olunmuşdu.
Amma səfir demişdi ki, gecə mərasimində cəmi 5 dəqiqə olub və adamlar antihökumət şüarları səsləndirməyə başlayanda oranı tərk edib.