İranda hər kəs prezidentliyə namizəd kimi qeydiyyatdan keçə bilər.
Konstitusiyada rəsmi qeydiyyat qaydaları aydın göstərilib: potensial namizədlərin yaşı 18-dən yuxarı olmalıdır. Namizədlər ölkənin "dini və siyasi xadimləri", İran vətəndaşı olmalı, islam respublikasının prinsiplərinə və ölkənin rəsmi dininə inanmalıdırlar.
Ancaq son nəticədə namizədlər siyahısına müraciət edənlərin yalnız bir neçəsi düşür. 12 üzvü olan Mühafizlər Şurası liberal və islahatyönlü namizədlərin, bütün qadınların və ümumiyyətlə, İranın mövcud isteblişmentinə təhlükə saydığı hər kəsin müraciətini rədd edir.
Buna da bax: İranda İnqilab Keşikçiləri hakimiyyətə doğru gedir
QƏRBLƏ DÜŞMƏNÇİLİYƏ SON QOYACAQ
Bu günlərdə, aprelin 11-dən 15-dək davam edən beş günlük qeydiyyat dövründə, çox sayda iranlı namizəd kimi qeydiyyatdan keçmək üçün müraciət edir. Məqsəd qeydiyyatdan keçənlərlə, əslində, seçki mübarizəsinə qoşulanların sayı arasındakı fərqi qabartmaqdır.
Müraciət edənlərin çoxunun heç bir siyasi təcrübəsi yoxdur. Onların namizədliklərinin təsdiqlənmək ehtimalı da sıfıra bərabərdir. Namizədlər arasında iki keçmiş siyasi məhbus, bir neçə qadın, dövlətin təşkil etdiyi nümayişlərin birini də buraxmaması ilə tanınan Bəsic üzvü, bir İran əsilli amerikalı və zavod mühafizəçisi var.
Buna da bax: İranda seçkilər. Radikal mollalara açılan savaş
İran isteblişmentini tənqid etdiyinə görə bir neçə dəfə həbs olunmuş naşir, bloqqer və oftalmoloq Mehdi Khazali, seçilərsə, Qərblə düşmənçiliyə son qoyacağına söz verir.
"Biz bütün dünya ilə gərginliyi dayandırmağa çalışmalıyq. Qarşılıqlı müsbət fəaliyyətə əsaslanan münasibətlər qurulmalıdır", – o deyib.
Khazali həmçinin bildirib ki, dörd il öncə prezident Hassan Rohanini dəstəkləsə də, indi fikrini dəyişib. Çünki o, artıq Rohani-nin "islahatçı" olmadığı qənaətindədir.
Buna da bax: İranlı bloqqer həbsdən buraxılıb
QALSTUKLU NAMİZƏD
Vaxtilə ali dini lider Ayatollah Ali Khamenei-ni "təhqir etdiyinə" görə həbs edilmiş keçmiş deputat və beynəlxalq münasibətlər üzrə professor Ghassem Sholeh Sadi qeydiyyatdan keçməyə qərbsayağı kostyum və qalstukda gəlib. Bu geyim tərzi İran mühafizəkarları tərəfindən Avropa dekadansının rəmzi kimi qəbul edilir.
"Əgər qalstuk qeydiyyat müraciətinin rədd edilməsinə səbəbdirsə, bu, qanunlarda yazılmalıdır", – deyə Sholeh Saadi keçmişdə namizədliyini qeydiyyatdan keçirərkən bildirib.
Rutgers Universitetinin ictimai siyasət və beynəlxalq inkişaf üzrə professoru Houshang Amirahmadi mühafizəkar "Fars" xəbər agentliyinə bildirmişdi ki, seçiləcəyi halda, güclü milli iqtisadiyyatın və ölkə gəncləri üçün çoxlu iş yerlərinin yaradılmasına fokuslanacaq. Amirahmadi-nin də 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyi uğurlu olmayıb.
Buna da bax: İranın 'ümid işartısı'
Yarırəsmi ISNA agentliyi yazır ki, Azam Jabali dönə-dönə namizədliyini verəcəyini deyib. Onun məqsədi İran hökumətini qadınların da prezidentliyə namizəd olmasına imkan verilməli olduğuna inandırmaqdır. Bu il Jabali namizədliyini qeydiyyatdan keçirən ikinci qadındır.
Hassan Seyedkhani qeydiyyatdan keçməyə öz əkiz qardaşı Hossein-lə birlikdə gəlib. O deyib ki, seçilərsə, qardaşını xarici işlər naziri təyin edəcək. Hossein-ə gəlincə, o, qardaşına hörmət əlaməti olaraq qeydiyyatdan keçmək istəmir. Deyir ki, qardaşı ondan iki dəqiqə böyükdür.
BƏSİCÇİ VƏ TİRYƏKİ RƏSMİLƏŞDİRƏCƏK NAMİZƏD
Hamid Reza Ahmadabadi "Başından böyük danışan Bəsicçi" kimi tanınan hökumət tərəfdarıdır. O, ictimaiyyətin diqqətini dövlətin təşkil etdiyi bütün nümayişlərdə görünməsi ilə çəkib. Bu nümayişlərdə onu daim yumruğunu qaldıraraq şüarlar qışqıran halda görmək olar.
Buna da bax: 'Ahmadinejad yoxsullara kartof paylayırdı, Raisi un paylayır'
Abolghassem Khaki İranın mərkəzi hissəsindəki Yəzd əyalətində bir zavodda mühafizəçi işləyir. O, ABŞ-a səfər etməyi və ABŞ prezidenti Donald Trump-la üzgüçülük yarışına girməyi planlaşdırır. Khaki deyir ki, o həmçinin gənc iranlıları evlə təmin etmək niyyətindədir. O, artıq öz kabinetinin nazirlərinin siyahısını da hazırlayıb.
Ölkənin cənub-şərqindəki Kerman əyalətindən olan bir kişi Tehrana, Daxili İşlər Nazirliyinə 3 yaşlı qızı ilə gəlib. O, qızının namizədliyini qeydiyyatdan keçirmək istəyib. Ancaq rəsmilər kiçik qızın namizədliyini qeydə almayıblar.
Beş arvadı və 18 uşağı olduğunu deyən molla namizədliyini qeydiyyatdan keçirən zaman bildirib ki, seçiləcəyi halda tiryəyi qanuniləşdirəcək. "Tiryək dərmandır. O, Şəriət qanunlarına görə qadağan deyil. Tiryək qanuniləşdirilərsə, edamların sayı da çox olmaz", – o deyib. O həmçinin söyləyib ki, seçilərsə, ona cangüdənlər lazım olmayacaq.