İranda tanınmış reperi yenidən həbs ediblər

Tumac Salehi

İranın hakimiyyət orqanları noyabrın 30-da tanınmış dissident reperi təkrar həbs edərək dəmir barmaqlıqlar arxasına qaytarıb.

Tumac Salehi iki həftə bundan əvvəl zaminə buraxılmışdı. Bu barədə onun sosial media hesabından xəbər verilib.

Reperə yaxın sosial media hesablarında bildirilir ki, Salehi Babil şəhərində silahlı mülki geyimlilər tərəfindən zorakılıqla yaxalanaraq naməlum istiqamətdə aparılıb.

Salehiyə aid olduğu deyilən sosial media hesabında onun saxlanarkən döyüldüyü qeyd olunur.

İran ədliyyəsinə bağlı Mizanonline.ir saytı bildirir ki, Salehi “yalan yaymasına” və “ictimai rəyi pozmasına” dair yeni ittihamlarla həbs edilib.

Salehi həbsdə bir ildən də çox saxlandıqdan sonra, noyabrın 18-də zaminə buraxılmışdı.

Buna da bax: İranda 'hicab keşikçiləri' haqqında məxfi sənəd hökumətin ört-basdırını üzə çıxarır

İşgəncələr haqqında video

Tərəfdarları deyirlər ki, reper öz musiqi əsərlərinə və gənc qadın Məhsa Əmininin ölümünə etiraz edən aksiyaları dəstəklədiyinə görə həbs edilmişdi.

Salehi “internetdə yalanlar yaymaqda” və “antihökumət təbliğatında” ittiham olunurdu.

Reper bu həftə yaydığı videoda bildirirdi ki, ona işgəncə verilib və o 2022-ci ilin oktyabrında həbsindən sonra 252 gün təkadamlıq kamerada saxlanıb.

O bunu da deyirdi ki, onu saxlayarkən boynuna iynə vurulub. Salehi ehtimal etdiyini bildirib ki, ona işgəncələrə tab gətirməsi üçün adrenalin vurublar:

"Onlar məni saxlayarkən qollarımı və ayaqlarımı sındırıblar. Üzümə və başıma çox sayda zərbə endiriblər. Mən zərbələrin qarşısını əllərimlə almağa çalışanda barmaqlarım da sınıb”.

Buna da bax: İranda kürd vicdan məhbusu Əyyub Kərimi və daha 6 nəfər edam edilib

Mübariz mahnılar

Salehi 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun noyabrın 18-də zaminə buraxılmasına səbəb Ali Məhkəmənin qərarı olmuşdu.

Qərarda deyilirdi ki, ilkin hökm qüsurludur və iş yenidən baxılmaq üçün aşağı məhkəmə instansiyasına göndərilməlidir.

Ötən il bütün ölkəni bürümüş etirazlar bu ilin əvvəllərindən səngiyib. Ölkədə minlərlə insan həbs olunub. Həbs olunanlardan 8 nəfəri qapalı aparılan məhkəmələrin hökmləri əsasında edam edilib.

Salehi özünün mübariz mahnılarına görə məşhurlaşıb. Salehinin mahnılarında ölkədə yayılmış korrupsiya, yoxsulluq, edamlar və etirazçılara divan tutulması tənqid edilir.

O hakimiyyəti "xalqın nəfəsini kəsməkdə" günahlandırır.