İranda Xəyyamı dərsliklərdən niyə çıxarmaq istəyirlər?

Ömər Xəyyam

Ömər Xəyyam fars ədəbiyyatının nəhəngidir, lakin bəzi məlumatlara görə rübailəri İran məktəblərinin dərsliklərindən çıxarıla bilər.

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İran mətbuatı və sosial media şəbəkələrində yayılmış xəbərlərə görə, Xəyyam da yeni plana əsasən əsərləri məktəb dərsliklərindən çıxarılmağa namizəd olan onlarca şair və yazıçının arasındadır.

Bunun əvəzində dərsliklərə, məsələn, Suriya müharibəsində həlak olmuş iranlı döyüşçülər barədə hekayətlər daxil edilməlidir.

Dəyişikliklər barədə xəbərlər elə geniş tənqid və hiddətə səbəb olub ki, təhsil naziri Mohsen Haci Mirzaye bu məsələyə “ədalətli ekspert qrupunun” baxacağını elan etməli olub.

İran məktəblərinin dərslikləri 1979-cu il İslam İnqilbanıdan bəri bir neçə dəfə dəyişikliklərə məruz qalıb. Başqa sözlərlə dərs kitablarına inqilabi və dini ideyaları təbliğ edən mətnlər daxil edilib.

Rəsmilər bildirirlər ki, xəbəri yayılan dəyişikliklərdən məqsəd dərsliklərin ölkənin ruhani rəhbərliyinin siyasətinə uyğunlaşdırılmasıdır.

1979-cu il inqilabından sonra həbsxana həyatı yaşamış məşhur şair Huşəng Ebtehajın bir, İranın yeni poeziya hərəkatının əsasını qoyumuş Nima Yuşijin iki şeiri, daha iki tanınmış yazıçı və romançının da hekayələrinin dərsliklərdən çıxarılması planlaşdırılır.

Şair Huşəng Ebtehaj

Media xəbərlərinə görə, İranın məşhur yazıçıları Mahmud Dövlətabadi və Mortəza Moşfeğ Kazeminin adları dərsliklərdən çıxarılıb.

Bu da xəbər verilir ki, 20-ci əsr İran ədəbiyyatının ən parlaq nümayəndələrindən olan Sadeq Hedayətin də adını ədəbiyyat dərsliklərindən çıxarıblar.

İran Təhsil Nazirliyində dərsliklər şöbəsinin müdiri Hoseyn Qasempur Moğəddəm “Həmşiri” qəzetinə müsahibəsində deyib:

"Əgər sən dəyərlərə əsaslanan sistemdə yaşayırsansa, bu sistemin təbiətini qoruyub saxlamaq üçün seçim etməli, hakimiyyətin inanc və ideyalarına uyğun gələn əsərləri saxlamalısan”.

Bununla belə, Qasempur Moğəddəm başqa bir müsahibəsində bildirib ki, dərsliklərə dəyişikliklər 2015-ci ildən həyata keçirilir və bu müddət ərzində həqiqətən də böyük heç bir bədii əsər dəsrliklərdən çıxarılmayıb.

Sadeq Hedayət

Suriya şəhidi Sədi Şirazidən üstündür

Lakin o əlavə edib ki, dərsliklərdə 2017-ci ildə başı İslam Dövləti ekstremist qruplaşması tərəfindən kəsilmiş şəhid Mohsen Hojaji kimi şəxslərə də yer tapılmalıdır:

“Bizə dərsliklərdə Mohsen Hojajinin şəhidliyini tərənnüm edən hekayəyə yer lazım idi”.

Qasempur deyib ki, bu şəhid 14-cü əsrdə sevgidən və şərabdan yazmış şair Hafizdən üstün tutulub.

Onun sözlərinə görə, Hafiz və Sədinin kitabları dərsliksiz də hər bir iranlının evində var.

Şəhid Mohsen Hojaji

Media xəbər verir ki, dərsliklərdə bəzi yazıçıların bəzi əsərləri onların başqa əsərləri ilə əvəz edilib, bəzilərinin yerinə isə başqa, daha az tanınan, lakin ölkənin dini rəhbərliyi tərəfindən təriflənən şairlərin şeirləri salınıb.

Qasempur bildirib ki, məsələn Ebtehajın şeirləri dərsliklər üçün uyğun deyil və “bizim məqsədimizə xidmət etmir”.

O deyib ki, bunun əvəzində dərsliklərə mərhum din və inqilab şairi Salman Heratinin “daha münasib” şeirləri salınıb.

Ədəbiyyatdan və yaddaşdan silmək

Parisdə yaşayan iranlı sosiologiya professoru Sayed Peyvəndi deyib ki, sözü gedən dəyişikliklərdən məqsəd İranın təhsil sistemini daha da islamlaşdırmaqdır:

“Rəsmilər elə bilirlər ki, gənc nəsli cəlb etmək üçün məktəblərdə dini və ideoloji təbliğatı gücləndirmək lazımdır. Onların fikrincə çox sayda gənc din və hökumət ideologiyasından ona görə üz çevirir ki, təhsil sistemində və mətbuatda təbliğat zəifdir”.

Professor deyib ki, buna görə də tələbələrə “çox az bədii dəyəri olan” materiallar təklif olunur:

“Məsələn şəhidlərin həyatı, din və siyasət xadimlərinin təbliğatı, dinini dəyişib Xristianlıqdan İslama keçən qızın hekayəsi kimi materiallar hökumət üçün daha məqbuldur”.

Əhməd Şamlı

Tehranda yaşayan şair Hafiz Musəvi AzadlıqRadiosuna deyib ki, bütün bunlar yanlış istiqamətdə daha bir addımdır:

“Bu, başqalarını məhv etmək siyasətidir. Lakin keçmişlərdə gördüyümüz kimi bu, iflasa uğrayan siyasətdir. Bu adları dərsliklərdən çıxartmaqla hakimiyyət onları İran ədəbiyyatından və xalqın yaddaşından silə bilməyəcək”.

İranın bir neçə görkəmli yazıçı və şairlərinin adlarını müasir dərsliklərdə görmək mümkün deyil. Bunlara misal olaraq iranlılar tərəfindən sevilən şairə Foruq Fərroxzadı və ya dövlət repressiyalarından yazan şair Əhməd Şamlını göstərmək olar. Buna baxmayaraq bu adlar müasir İran cəmiyyətində olduqca populyardır.

Görkəmli ədəbiyyatşünas və yazıçı Bahaoddin Xorrəmşahi isə deyir ki, dərsliklərə edilən dəyişikliklər İranın mədəni kimliyi üçün ziyansız keçməyəcək.