İraq parlamenti spirtli içkilərin istehsalını, idxalını və satışını qadağan edib. Səbəb kimi şəriət qanunları göstərilir. Qadağanın pozulmasına görə 8-20 min dollar məbləğində cərimə nəzərdə tutulub.
Əvvəllər İraqın böyük şəhərlərində və dini azlıqların, o cümlədən xristianların yaşadığı ərazilərdə spirtli içkilər, açıq formada olmasa da, satılırdı. Ancaq qanunun tərəfdarları İraq konstitusiyasının şəriətə zidd istənilən normanı yasaqlamasını əsas gətirərək, alkoqola qadağa qoyulmasını istəyirdilər.
Alkoqol məhsullarının qadağan olunması barədə müddəa gözlənilmədən şənbə günü müzakirəyə çıxarılan qanun layihələrindən birinə salınıb. Hakim islam partiyaları qanunun qəbulundan razı qalıblar. Ancaq dini azlıqların nümayəndələri bu addımı qınayıblar. Xristianların təmsilçiləri bildiriblər ki, parlamentin qərarına etiraz məqsədiylə məhkəməyə müraciət edəcəklər. Onlar hesab edirlər ki, bu qərar qeyri-konstitusiondur və dini azlıqların hüquqlarını pozur.