“2018-ci ildə İraq ərazisində qalan 20-yə qədər uşaq Azərbaycana gətirilib”.
Bu rəqəmi Azərbaycan Xarici İşlər Nazriliyi (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Həmin uşaqların valideynləri Azərbaycandan olub.
L.Abdullayeva hazırda İraq ərazisində neçə belə uşağın qalmasına dair konkret rəqəmə malik olmadıqlarını bildirib. “Amma diplomatik kanallarımız vasitəsilə onların müəyyən olunması işi davam edir və bu istiqamətdə İraq hökimətilə təmaslar saxlanılır”, L.Abdullayeva bildirib.
Xatırlatma
Bir neçə il öncə İraqda İŞİD-dən ( İraq Şam İslam Dövləti) təmizlənmiş ərazilərdəki sığınacaqlardan uşaqların aşkar edildiyi açıqlanmışdı. Onların arasında valideynləri Azərbaycandan getmiş ikiyaşlı Xədicə və dördyaşlı Abdullanın görüntüləri də yayınlanmışdı.Bundan sonra, Azərbaycan XİN vasitəsilə bu uşaqların axtarışına başlanmışdı. Daha sonra həmin uşaqların bəziləri ölkəyə gətirildi. Abdulla adlı uşaq belə babasına təhvil verildi.
Suriyada müharibə başladıqdan bu yana ( 2011) Azərbaycandan İŞİD-ə qoşulanlar olduğu açıqlanıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 900 nəfərə yaxın Azərbaycan vətəndaşının bu qanunsuz hərbi qruplaşmanın tərkibində olması haqda məlumat yayıb. Onlardan bir çoxunun Azərbaycana qayıtdıqdan sonra həbs edildiyi deyilir.İŞİD tərkibində döyüşmüş 151 nəfər şəxsin isə Azərbaycan vətəndaşlığından məhrum edildiyi açıqlanıb.