İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov deyir ki, tutulanda ona sifarişin “yuxarıdan” gəldiyini açıq şəkildə söyləyiblər. İctimai fəal bu barədə öz məhkəməsində danışıb.
Narkotik ittihamıyla 5 aydan çoxdur həbsdə olan A.İsrafilovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yanvarın 16-da məhkəmədə ifadə verən ictimai fəal bildirib ki, ona aidiyyəti olmayan narkotiki boynuna götürməsi üçün Nərimanov rayon Polis İdarəsində dəfələrlə döyülüb, ailəsiylə hədələnib. Bu üzdən, etiraf ifadəsinə razılaşmağa məcbur qalıb:
“Evdən çıxıb mopedə minmək istərkən, üç nəfər mülki geyimli məni saxladı. Nərimanov rayon Polis İdarəsinə apardılar. Əməliyyatçılardan biri dedi ki, “yuxarıdan göstəriş var, sən getməlisən”. İdarədə narkotiki qoyub dedilər ki, etiraf eləməlisən. Əlbəttə ki, razılaşmadım. Bundan sonra döyməyə başladılar. Görəndə ki razılaşmıram, dedilər, “gedib evindən də çıxararıq, ailə üzvlərin də şərikin olar”. Məcbur olub boynuma götürdüm”.
A.İsrafilov həbsinin gerçək səbəbini müstəqil həmkarlar ittifaqında fəaliyyəti, işçilərin hüquqlarını müdafiə etməsi və siyasi baxışlarıyla əlaqələndirib:
“Mən açıq şəkildə deyirdim ki, diktaturanı, bu hakimiyyəti istəmirəm. Ona görə də şərlədilər”.
Sizin brauzer HTML5-i dəstəkləmir
İctimai fəalın işinə baxan hakim Fəxri Məmmədov deyir ki, onun polis idarəsində işgəncəyə məruz qalması haqda şikayətlərini araşdırmaqdan ötrü prokurorluğa və istintaq təcridxanasına sorğu göndəriləcək. A.İsrafilov polis idarəsindən istintaq təcridxanasına köçürüləndə onun üzərində xəsarət izi olub-olmadığı soruşulacaq.
A.İsrafilov Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur. Bu maddədə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Xatırlatma
Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər.
Elə həmin gün İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir.
Ardından, avqustun 4-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev narkotik ittihamıyla həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində onun da mühakiməsi davam edir.
Buna da bax: 'İşçi Masası'nın həbsdəki üzvü: 'Üzümə qadın qoyub zorlama ittihamı ilə hədələyirdilər'Elvin Mustafayevdən bir neçə gün sonra isə Ayxan İsrafilov həbs edilib və ona da narkotik ittihamı verilib.
Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir.
Daxili İşlər Nazirliyi ictimai fəalların şərlənməsi, polis idarələrində təzyiqlərə məruz qalması barədə iddiaları yalanlayır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıb və onların dedikləri özünümüdafiə məqsədi daşıyır.
Hökumət rəsmiləri də ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edir.