Məğrur və təkəbbürlü dil 'ingilis dilinin okeanında' necə batır?

Gənc island azarkeş Avro 2016 çempionatında

Bir çox başqa dillərdən fərqli olaraq island dilinə yeni bir söz lazım olanda, o sözü yad dillərdən gətirmir. Əvəzində ana dilini sevənlər qədim nordik köklərdən yeni bir söz toqquşdururlar. Neologizm – yeni sözdür, amma qədim island sözü kimi səslənir.

Məsələn island dilində kompüter – tölva sözü ilə ifadə olunur. Bu söz əslində iki sözün “izdivacından” yaranıb: tala – rəqəm deməkdir, völva – falçı və ya gələcəyi görən qadın.

Brauzer island dilində varfi sözü ilə ifadə olunur, “gəzişmək” mənasını verir.

Bütün dünya podcast sözünü işlətdiyi halda islandlar özlərinin doğma hlaðvarp sözünü işlədirlər. Mənası “dəyiş” və “tulla” kimi başa düşülə bilər.

Guardian qəzetinin Avropa müxbiri Jon Henley yazır ki, bu xüsusiyyətinə görə island dili unikal dildir. Onun qrammatik formaları min il əvvəlki kimi qalıb, lüğət tərkibinə gəlincə isə, necə deyərlər, “linqvistik sədaqətsizliyə” yol verilməyib.

Lakin nə qədər qədim, bakirə və fərasətli olsa da, bu gün island dilində cəmi 340 min insan danışır. Bunların arasında təbii ki, Siri və ya Alexa yoxdur.

Məqalədə deyilir ki, “Facebook, YouTube və Netflix, smartfon…əsrində 1200-1300-cü illərin arasında inək dərisində yazılmış island saqaları ingilis dilinin okeanına qərq olur”.

İslandiyanın paytaxtı Reykyavik şəhəri

İslandiya Universitetinin island dili və linqvistikası professoru Eiríkur Rögnvaldsson bunu “rəqəmsal azlıqlaşma” adlandırır: “Çoxluğun dili rəqəmsal dünyada azlığın dilinə çevrilir”.

Orta məktəb müəllimləri gileylənirlər ki, 15 yaşlıların demək olar hamısı öz aralarındakı söhbətləri ingiliscə aparır. Bundan daha balaca olanlar isə doğma dili daha zəif bilirlər.

Eiríkur deyir ki, gənc islandiyalılar öz vaxtlarının çoxunu tamamilə rəqəmsal ingilis dili dünyasında keçirirlər. Onların ana dillərini inkişaf etdirməyə demək olar vaxtları qalmır.

Professor dilxordur ki, ana dilini bilməyən bütöv bir nəsil yetişir.

İsland dili əvvəllər də əcnəbi dillərin təsiri altına düşüb. Məsələn Danimarkanın işğalı vaxtı belə bir hal yaşanıb. Lakin ingilis dilinin təsiri miqyasına və sürətinə görə misilsizdir.

Eiríkur deyir ki, 10 il bundan əvvəl smartfonlar yox idi, amma bu gün hər bir island tam mənada ingilis dili ilə ünsiyyətdədir.

İslandiya dilçiləri deyirlər ki, çoxdillilik əslində pis bir şey deyil, lakin onun basqısı ana dilini boğacaq qədər olmamalıdır.

Onlar bunu da qeyd edirlər ki, hətta islandca mükəmməl danışan azlıq üçün də ikinci dil ingilis dilidir. Rögnvaldsson deyir ki, bu gün-sabah bir də gördün uşaqlar dedilər: bu island dili kimin nəyinə lazımdır?

Burası da var ki, ölkə təkcə ingilis dilinin təsirinə məruz qalmır. Ötən il Atlantik okeanının buzlu sularında olan bu adaya 2 milyon turist gəlib. Bu, 2008-ci illə müqayisədə 4 dəfə çoxdur. İndi ölkə əhalisinin 10 faizini gəlmələr təşkil edirlər.

Alimlər təşvişlə deyirlər ki, nə turistlərin, nə də gəlmələrin island dilində danışmaq ehtiyacı yoxdur. Üstəlik dilin özü də öyrənmək üçün mürəkkəbdir. İsland dilində üç cins, ismin 4 halı və felin 6 forması var.

İsti geyzer suları - turistləri çəkib gətirən əyləncə

Paytaxt Reykyavikin mərkəzindəki bar, restoran və mağazalarda yerlilərə yerli dildə xidmət edənləri tapmaq son dərəcə çətinləşir.

Amma ən böyük təhlükə internetdən gəlir. Doğrudur, Google islanddilli axtarış proqramı təklif edir, habelə Android mobil telefonların əməliyyat sisteminə island nitqini tanıyan aplikasiya qoşub. Amma başqa internet nəhəngləri danışanlarının sayı Kardif əhalisi qədər olan dilə məxsusi maraq göstərmirlər.

Eiríkur deyir ki, onlar island dilinə xidmət göstərmək üçün fransız dilinə xərclədikləri qədər pul xərcləməlidirlər. Bu isə kommersiya baxımından sərfəli deyil.

Facebook və başqa sosial şəbəkələrdə olan islandlar üçün adlarının qəribə yazılışı və tələffüzü problemə çevrilir.

Britaniyalı alim Max Naylor island dilinin problemləri ilə məşğuldur. O deyir ki, dəfələrlə Apple şirkətinə müraciət etsə də, ona heç cavab da verməyiblər.

İslandiya hökuməti qarşıdan gələn 5 ildə hər il texnologiyaların island dilinə gətirilməsi məqsədlərinə 450 milyon kronluq (4 milyon dollar) fond ayırıb. Bu fondun vəzifələrinə soyuducu kimi məişət texnikasının islanddilli komanda ilə işləməsinin təşkilindən tutmuş özünüsürən avtomobillərə island dilinin öyrədilməsinə qədər ən geniş texnoloji fəaliyyət daxildir.

Buna baxmayaraq dilçilər 1000 illik yol keçərək “cızılmadan” gəlib müasir dövrə çatmış island dilinin yaxın gələcəkdə öləcəyindən narahat deyillər. Bu dil hələ də rəsmi dil, dövlət dili, təhsil və çoxluğun dili kimi yaşayır. Lakin bununla belə, dilin texnoloji inkişafın yaratdığı yeni sahələrdə məhdudlaşa biləcəyindən ciddi narahatlıq var.

Müəllimlər həyəcanla bildirirlər ki, İslandiya uşaqları arasında ana dildə savad azalır, lüğət fondu kasadlaşır.

Professor Naylor deyir: “Elə bir vaxt gəlib çata bilər ki, islandlar üçün üçün nə ingilis, nə də island dili ana dili olmaya bilər. Milli kimliyin dilə çox bağlı olduğu nəzərə alınarsa, bunun hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətindir”.