"Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir".
AZƏRTAC-ın xəbərinə görə, bunu martın 28-də Yerusəlim şəhərində İsrailin Xarici İşlər naziri Eli Koen Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O vurğulayıb ki, Azərbaycan səfirliyinin açılması iki ölkə əlaqələrinin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir: "Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur".
Bayramov, öz növbəsində, deyib ki, İsraildə Azərbaycan səfirliyinin açılması ölkələr arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.
O, eyni zamanda, Azərbaycanda yəhudi icmasının, İsraildə Azərbaycan diasporunun ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadıqlarını söyləyib.
Bu gün, martın 29-də Azərbaycanın İsraildə səfirliyi fəaliyyətə başlayır.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bir il sonra İsrail Bakıda öz səfirliyini açmışdı. Azərbaycanın isə İsraildə səfirliyi yox idi.