İsrail naziri fransalı həmkarına NSO araşdırması barədə məlumat verəcək

Beni Qantz

İsrailin müdafiə naziri Beni Qantz bildirib ki, NSO qrup şirkətinin ixracına dair hökumət qiymətləndirməsinin nəticələrini iyulun 28-də Fransa ilə paylaşacaq.

İsrailin bu şirkətinin proqramından istifadə edərək dünyanın onlarca ölkəsində minlərlə siyasətçinin, iş adamının və jurnalistin telefonları izlənib.

Bu proqramın vasitəsilə hətta Qazaxıstan prezidentinin və Fransa prezidneti Emmanuel Makronun hədəfləndiyi məlum olub.

17 beynəlxalq media qurumunun və Amnesty International insan haqları qrupunun bu ay açıqladıqları təhqiqat hesabatında deyilir ki, NSO şirkətinin Pegasus adlanan proqramından mobil telefonlara haker müdaxiləsi üçün istifadə olunub.

Hesabatda təəssüflə qeyd olunur ki, bu proqramdan təkcə avtokratik rejimlər deyil, Hindistan və Meksika kimi ölkələrin hökumətləri də siyasi məqsədlərlə istifadə ediblər.

Buna da bax: Budapeştdə ‘Pegasus’ cəsus izləməsinə qarşı etiraz aksiyası keçirilib

Bəzi ölkələrdə cinayət işləri açılıb

Rəsmilərinin və vətəndaşlarının bu proqram vasitəsilə güdülməsi düşünülən Fransa və Macarıstanda qalmaqalla bağlı cinayət işləri açılıb.

Xəbər verilirdi ki, Makronun mobil telefonlarından birinin nömrəsi Mərakeş kəşfiyyat xidmətinin hədəflədiyi nömrələrin arasından tapılıb.

Qantzın ofisindən verilən xəbərə görə o, iyulun 28-də Fransanın müdafiə naziri Florens Parli ilə görüşündə Pegasus məsələsini də müzakirə edəcək və həmkarını indiyədək aparılan hökumət araşdırmasının gedişatı ilə tanış edəcək.

Bu görüş zamanı ilk növbədə İran məsələsi və Livandakı vəziyyət müzakirə olunmalıdır.

NSO şirkəti heç bir qanunsuz iş görmədiyində israr edir. Şirkət bildirir ki, Pegasus proqramı müxtəlif hökumətlərə onların terror və cinayətkarlıqla mübarizəsində dəstək üçün satılmışdı.

Lakin tənqidçilərin firkincə, diqqəti cəlb edən budur ki, Pegasus proqramı yalnız yaxşı insan haqları reputasiyası olan ölkələrə deyil, həm də Azərbaycan hökuməti kimi rejimlərə də satılıb.