İsrail 'daha bir müharibə' xəbərdarlığı edir

Livanın cənubundakı Aita əş-Şaab kəndinin İsrail tərəfindən atəşə tutulması

İsrail ordusu "Hizbullah" silahlı qruplaşmasının yanvarın 7-də İsrailin şimalında hava nəqliyyatına nəzarət bazasını vurduğunu bildirib, İranın dəstəklədiyi bu qruplaşma ilə daha bir müharibə xəbərdarlığı edib.

Livanla sərhəddə döyüşlərin qızışması İsrailin Qəzzada HƏMAS radikal qruplaşması ilə müharibəsi fonunda baş verir. ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.

Blinken İsrailə gedir

Bu arada ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) İsrailə səfərə hazırlaşır.

"Bu münaqişə asanlıqla metastaz verə, təhlükəsizliyi daha da zəiflədə, daha çox əziyyətə səbəb olar", - Blinken əsas vasitəçi olan Qətərdə danışıqlardan sonra jurnalistlərə deyib.

İsrail ordusu yanvarın 6-da Meron dağındakı bazaya "Hizbullah"ın zərbəsinin havadan müdafiəyə təsir göstərmədiyini, hərbçilər arasında itki olmadığını, dəyən ziyanın tam aradan qaldırılacağını bildirib. Ancaq buna baxmayaraq, bu, "Hizbullah"ın İsrailin Qəzza müharibəsi ilə paralel apardığı döyüşlərdə ən ciddi hücumlardan sayılır. Toqquşmalar nəticəsində on minlərlə israilli Livanla sərhəd yaxınlığındakı icmaları tərk edib.

"Hizbullah" raket hücumunu ötən həftə Beyrutda HƏMAS-ın aparıcı liderlərindən birinin qətlinə "ilkin reaksiya" adlandırıb. Qətlin arxasında İsrailin durduğu güman edilir.

Netanyahunun xəbərdarlığı

İsrail ordusunun baş qərargah rəisi, polkovnik-leytenant Herzi Halevi deyib ki, "Hizbullah"a hərbi təzyiq artır, səmərəli olmasa, "biz daha bir müharibəyə girəcəyik".

İsrail şimalda döyüşləri, əsasən, məhdudlaşdırmağa çalışır. "Hizbullah"ın hərbi gücü HƏMAS-dan artıqdır. Ancaq İsrail liderləri səbirlərinin tükəndiyini, gərginlik diplomatik yolla həllini tapmasa, gücdən istifadəyə hazır olduqlarını deyirlər.

"Təklif edirəm, "Hizbullah" HƏMAS-ın son aylar öyrəndiklərindən dərs çıxarsın: Heç bir terrorçu toxunulmaz deyil. Biz vətəndaşlarımızı müdafiə edəcək, şimalda yaşayanları təhlükəsiz şəkildə evlərinə qaytaracağıq", - baş nazir Binyamin Netanyahu hökumətin iclasında deyib.

HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək min 200 nəfəri qətlə yetirib, 240 nəfəri girov götürüb. Bundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. Müharibə başlayandan Qəzzada 23 minə yaxın şəxsin öldürüldüyü, azı 58 min nəfərin yaralandığı bildirilir.

İsrail mülki itkilərə görə HƏMAS-ı günahlandırır, onun sıx məskunlaşmış ərazilərdə fəaliyyət göstərdiyini bildirir.

Oktyabrın 7-dən bəri "Hizbullah" da İsrailin şimal sərhədi boyunca döyüşlərə başlayıb. Silahlı qruplaşma məqsədinin Qəzzaya təzyiqi azaltmaq olduğunu deyir.