İran ölkənin şimalında hərbi təlim keçirib

İran ordusunun təlimi

İran ölkənin şimalında hərbi təlim keçirib. Bu haqda "Mehr" xəbər agentliyi avqustun 13-də məlumat yayıb. Bu təlimlər Tehranın İsrailə qarşı cavab tədbiri görmək vədləri fonunda baş verir.

İyulun 31-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının lideri İsmayıl Haniyə Tehranda öldürülüb. İran və HƏMAS İsraili ittiham etsə də, Təl-Əviv birbaşa məsuliyyəti üzərinə götürməyib.

Tehran Haniyənin qətlinə görə qisas alacağını bəyan edib.

"Reuters" təlimlərin yerli vaxtla 7:30-dan 8:30-dək Xəzər dənizi sahilindəki Gilan vilayətində keçirildiyini yazır. "Mehr" yerli rəsmiyə istinadla bildirib ki, məqsəd ordunun donanma qüvvələrinin müdafiə hazırlığını gücləndirməkdir.

Bu, son üç gündə İranın ikinci hərbi təlimidir.

İsrail hazırda Qəzza zolağında HƏMAS ekstremistləri ilə müharibə aparır. HƏMAS ötən ilin oktyabrında İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. Bundan sonra İsrail Qəzzada əməliyyatlara başlayıb.

13 avqust

İran Qərbin çağırışlarını rədd edir

Nasir Kənani

İran avqustun 13-də İsrailə cavab hücumu təhdidini geri götürməklə bağlı Qərbin çağırışlarını rədd edib.

İran XİN-in sözçüsü Nasir Kənani deyib ki, belə bir xahişin "siyasi məntiqi yoxdur, beynəlxalq hüququn prinsip və qaydalarına ziddir", İsrailə "açıq və praktik" dəstək deməkdir.

ABŞ İranın bu həftə İsrailə hücum edə biləcəyini deyir

Birləşmiş Ştatlar avqustun 12-də bildirib ki, kəşfiyyat dəyərləndirmələri ilə razıdır, İran və/yaxud onun Yaxın Şərqdəki proksiləri bu həftənin əvvəlində İsrailə hücum edə bilərlər. Vaşinqton Tehranı davamlı hədələrdən əl çəkməyə çağırıb.

Milli təhlükəsizlik sözçüsü Con Körbi (John Kirby) jurnalistlərə deyib ki, prezident Co Bayden Qərbdəki əsas müttəfiqlərlə vəziyyəti müzakirə edib. Onun sözlərinə görə, Vaşinqton İranın İsrailə tezliklə hücum edə biləcəyi barədə xəbərlərə ciddi yanaşır.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda qətlinə görə İran İsraili ittiham edir və buna görə cavab verəcəyini bildirib. Bu isə regionda daha böyük münaqişənin başlaya biləcəyi ilə bağlı qorxu yaradıb.

İsrail Haniyənin qətlinə görə birbaşa məsuliyyəti üzərinə götürməyib.

ABŞ regiondakı qüvvələrini gücləndirib

"Ciddi hücumlara hazır olmalıyıq. Bu səbəbdən son bir neçə gündə regiondakı qüvvələr nisbətimizi gücləndirmişik", – Körbi vurğulayıb.

"Regionda əhəmiyyətli sayda qüvvəmiz var. Son bir neçə gündə onların nisbətini müəyyən qədər dəyişmişik. Prezident əmindir ki, İsrailin müdafiəsinə kömək göstərməyə qadirik", – Körbi əlavə edib.

Artan gərginlik fonunda Pentaqon Yaxın Şərqdə qüvvələrini gücləndirib. Vaşinqton müttəfiqi İsrailə dəstəyini dəfələrlə vurğulayıb.

Britaniya, Fransa, Almaniya və İtaliya ilə birgə bəyanatda Ağ ev bildirib: "İranın təcavüzünə və İranın dəstəklədiyi terrorçu qrupların hücumlarına qarşı İsrailin müdafiəsinə dəstəyimizi ifadə etdik".

Bəyanat müəllifləri həmçinin İranı İsrailə qarşı hərbi hücumla bağlı davam edən təhdidləri azaltmağa çağırırlar.

Almaniya kansleri Olaf Şolts və Britaniyanın baş naziri Keir Starmer İran prezidenti Məsud Pezeşkiana ayrı-ayrılıqda telefon zənglərində regionda hərbi gərginliyi qızışdırmaqdan çəkinməyə çağırıb. Vaşinqtonun Tehranla diplomatik münasibətləri yoxdur.

Pezeşkian nə deyir

Şoltsla danışıqdan sonra İranın rəsmi IRNA xəbər agentliyi prezident Pezeşkiana istinadla yazıb ki, "İran bütün ölkələrlə təmasların genişlənməsini alqışlayır, problemləri danışıqlar yoluyla həll etməyin gərəkdiyini vurğulayır, amma təzyiqə, sanksiyalara, qorxutma və təcavüzə boyun əyməyəcək".

"İran təcavüzkarlara beynəlxalq qaydalara uyğun şəkildə cavab verməyi öz hüququ sayır", – Pezeşkian deyib.

HƏMAS ekstremistləri oktyabrın 7-də İsrailin cənubuna girərək 1 min 200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb.

Bundan sonra İsrail Qəzza zolağında hava və quru əməliyyatına başlayıb. HƏMAS-ın səhiyyə rəsmiləri 39 minə yaxın insanın öldürüldüyünü deyirlər.