İsrailin qaçqın düşərgəsinə zərbəsindən azı 68 fələstinlinin öldüyü bildirilir

Qəzza zolağında İsrailin hava hücumu nəticəsində vurulmuş binaların dağıntıları.

Dünən - dekabrın 24-də İsrailin Qəzzanın mərkəzində Mağazi qaçqın düşərgəsinə hava zərbəsindən azı 68 nəfərin həlak olduğu bildirilir. Fələstinin səhiyyə nazirliyinin sözçüsü Əşrəf əl-Qidra ölü sayının arta biləcəyini sözlərinə əlavə edib.

Ölənlərin azı 12-si qadın, 7-si uşaqlardır.

"Mağazi düşərgəsində baş verənlər sıx məskunlaşmış yaşayış ərazisində törədilən qətliamdır", - əl-Qidra deyib.

İsrail insidenti araşdırır

İsrail ordusu insidentin araşdırıldığını bildirib.

"HƏMAS terrorçularının Qəzzada mülki ərazilərdə törətdiyi problemlərə baxmayaraq, İsrailin Müdafiə Qüvvələri beynəlxalq hüquqa sadiqdir, dinc sakinlərə ziyanı minimuma endirməyə çalışır", - ordunun sözçüsü deyib.

ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat sayır. İsrail Qəzzanı HƏMAS-ın 7 oktyabr hücumundan sonra vurmağa başlayıb. Həmin hücumda min 200 israilli öldürülüb, 240 nəfər girov götürülüb. Sonradan humanitar atəşkəs zamanı girovların bir hissəsi azad olunub, 120 nəfər əsirlikdədir.

Qəzzada öldürülən fələstinlilərin sayının isə 20 min 400-ə çatdığı xəbər verilir. Ərazinin 2.3 milyonluq əhalisi, əsasən, evlərindən didərgin düşüb.

İsrail hərbçiləri arasında itkilər də artır

Quru əməliyyatları başlayandan 154 israilli hərbçi öldürülüb.

İsrailin hücumuna beynəlxalq təzyiqin güclənməsinə baxmayaraq, Təl-Əviv HƏMAS-ı darmadağın etmək hədəfindən əl çəkməyib.

"Müharibə bizə çox ağır bədəl ödətdirir, amma döyüşü davam etdirməkdən başqa seçimimiz yoxdur", -- Baş nazir Binyamin Netanyahu deyib.

BMT-nin Təhlükəsizlik Şurası yumşaq bir qətnamə qəbul edərək ac və məyus fələstinlilərə humanitar yardımın çatdırılmasını sürətləndirməyə, girovları buraxmağa çağırıb, ancaq atəşkəs çağırışı etməyib.

Ümumdünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Qebreyesus isə humanitar atəşkəsə çağırıb, sosial mediada yazıb ki, "Qəzzanın səhiyyə sisteminin məhvi faciədir".