İsrail Qəzzada yenidən quru əməliyyatına başlayıb

Qəzza ilə sərhəddə İsrail tankları

Qəzza ilə sərhəddə İsrail tankları

İsrail ordusu (SAXAL) Qəzza sektorunda yeni quru əməliyyatına başladığını elan edib. Ordu əməliyyatın məqsədini təhlükəsizlik zonasının genişləndirilməsi, Qəzza sektorunun şimal və cənub hissələri arasında qismən bufer zonanın yaradılması ilə izah edib.

SAXAL-ın Qəzzanı iki yerə ayıran Netsarim dəhlizini nəzarətə götürdüyü bildirilir.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşması İsrail ordusunun əməliyyatlarını atəşkəs sazişinin "yeni və təhlükəli pozuntusu" adlandırıb. Qruplaşma bəyanatında sazişə sadiqliyini təsdiqləyib, vasitəçiləri öhdəliklərini yerinə yetirməyə çağırıb.

Qəzzada yanvardan bəri atəşkəs rejimi qüvvədədir. Amma İsrail martın 18-də Qəzzaya zərbələri bərpa edib, girovların hamısının azad olunmasını tələb edib.

HƏMAS bildirir ki, yalnız İsrail qüvvələrini tam çıxararsa və əməliyyatlar dayandırılarsa, buna razılaşar.

Qəzzada HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi martın 18-də aviazərbələr nəticəsində 400-dən çox insanın öldürüldüyünü bildirib. Hələlik, bu rəqəmləri müstəqil mənbələr təsdiqləməyib.

Atəşkəs rejimi iki ay qüvvədə qalıb. Razılaşma çərçivəsində HƏMAS azı 30 israilli girovu, İsrail isə həbsxanalarından 2 minədək fələstinli məhbusu azad edib.

Atəşkəsin birinci fazası iki həftə öncə başa çatıb. İkinci mərhələ, girovların buraxılması, müharibənin dayandırılması üzrə danışıqlar dalana dirənib.