Türkiyədə LGBT paradında azı 15 etirazçı saxlanıb

İstanbulda LGBT yürüşü.

İyunun 30-da Türkiyə polisi İstanbulda qadağan olunmuş LGBT paradında iştiraka görə azı 15 etirazçını saxlayıb. "Reuters" şahidə istinadla xəbər verir ki, polis küçələri axtarıb, iştirakçılar dağılışandan sonra hadisə yerinə gedib çıxıb.

Polis məsələni şərh etməyib. İstanbul merinin ofisi isə iyunun 30-da bildirmişdi ki, LGBT haqlarına dəstək məqsədilə keçirilən "Qürur yürüşü"nə icazə verilməyəcək. Polis yürüşün qarşısını almaq üçün İstanbulun mərkəzinə giriş-çıxışı əngəlləyib, metro stansiyalarını, əsas küçələrdə nəqliyyatı bloklayıb.

"Reuters" qeyd edir ki, prezident Rəcəb Tayyip Ərdoğanın islamçı AK Partiyası son 10 ildə LGBT icmasına qarşı ritorikanı sərtləşdirib, 2015-ci ildən "qürur yürüşləri"ni təhlükəsizlik səbəblərini əsas gətirərək qadağan edib.

İstanbul meriyası "Qürur yürüşü" tələb edən qurumları qanunsuz sayır.

LGBT qrupları isə İstanbulun Asiya hissəsinə yığışıb, bir təmsilçi bəyanatı səsləndirib: "Biz polisi aldatmaqdan və onları bizimlə məşğul olmağa vadar etməkdən yorulmuruq".

"Bütün küçələri və meydanları bağlamısız, bütöv bir şəhərdə həyatı durdurmusuz, Ancaq unutmusuz ki, biz gərəkərsə, daşı deşib bir-birimizi taparıq", - bəyanatda daha sonra vurğulanır.

"Reuters" şahidə istinadla yazır ki, polis küçələri axtararaq azı 15 nəfəri saxlayıb.