İtaliya sahillərində baş verən qəzada ən azı 45 miqrant həlak olub

Hadisə yeri

İtaliya sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb. Rəsmi qurumlardan verilən məlumatlata görə, aralarında uşaqların da olduğu ən azı 45 adam həlak olub.

80-dən çox miqrantın xilas edildiyi, onlardan 20-dən çoxunun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Buna da bax: Dünyada miqrantlara heç də yük kimi baxmırlar

Sağ qalanların sözlərinə görə, gəmidə 140-150 nəfər olub.

Gəmi bir neçə gün əvvəl Türkiyənin İzmir limanını tərk edib. Qəza İtaliyanın şərq sahillərində, Kalabriya əyalətində baş verib. Gəmi qayalara çırpılıb. Gəminin göyərtəsində əsasən Əfqanıstandan olan miqrantlar, həmçinin Pakistan, İran və Somali vətəndaşları olub.

İtaliya Yaxın Şərq və Şimali Afrikadan qeyri-qanuni miqrasiya üçün əsas istiqamətlərdən biridir. Miqrantlar Avropa İttifaqına sığınacaq üçün müraciət etmək üçün ilk növbədə gəmi və ya qayıqlarla İtaliyaya getməyə çalışırlar.

Bu riskli miqrasiyalar bir çox hallarda insan təlafatı ilə nəticələnir.

“İtkin Miqrantlar Layihəsi” beynəlxalq təşkilatının məlumatına görə, 2014-cü ildən indiyə qədər Aralıq dənizini keçmək istəyən 20 min 333 nəfər miqrant həlak olub və ya itkin düşüb.

Buna da bax: Avropaya üz tutan miqrantların sayı artır

Yeni baş verən faciə yenidən İtaliyada miqrantlara kömək edən hakimiyyət və təşkilatların nə etməli olduğu ilə bağlı məsələlər müzakirələrə səbəb olub.

İtaliyanın Baş naziri Giorgio Meloni miqrantlara yardım göstərən Qeyri Hökumət Təşkilatlarını (QHT) dəniz yolu ilə Avropaya çatmaq cəhdlərini təşviq etməkdə və beləliklə, miqrantların həyatını riskə atmaqda ittiham edib. QHT-lər isə bu iddiaları təkzib ediblər.