Bu il avqustun 1-nə olan məlumata əsasən, Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən 3 min 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün, avqustun 30-da bildirib.
"Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir", - o vurğulayıb.
Komissiyanın məlumatında görə, onlardan 3 min 171 nəfər hərbi qulluqçu, 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca) isə mülkü şəxsdir.
Komissiyadan habelə bildirilir ki, bu vaxta qədər 378 hərbçi, 1 min 102 mülkü şəxs əsir və girovluqdan azad edilib.
İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan Müdafiə Nazirliyi 7 hərbi qulluqçusunun itkin sayıldığını açıqlayıb.
30 avqust dünyada Beynəlxalq İtkinlər günü kimi qeyd olunur. Bu təqvimi 2010-cu il dekabrın 21-də BMT-nin Baş Assambleyası təsis edib.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.