İ.Rəhimovun şikayəti təmin olunmayıb

İ.Rəhimov

Bu gün, noyabrın 1-i Bakı Apellyasiya Məhkəməsində realliq.info saytının redaktoru İkram Rəhimovun həbsindən verilən şikayətə baxılıb.

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov deyib: «Hakim Həsən Əhmədovun sədrliyi ilə İkram Rafiqoğlunun (Rəhimov) həbsindən özünün və mənim verdiyim apellyasiya şikayətinə baxıldı. Apellyasiya şikayəti Səbail Rayon Məhkəməsinin İ.Rəhimov barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmişdi. Biz həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı vəsatət verdik. Amma Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin 27 oktyabr tarixli qərarını qüvvədə saxladı».

E.Sadıqov deyib ki, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etmir, həbsinin jurnalist fəaliyyətiylə bağlı olduğunu bildirir.

İkram Rəhimov rüşvətdə günahlandırılır

Oktyabrın 27-də Dövlət Təhlükəsizliyi Xidməti realliq.info saytının redaktoru İ.Rəhimovun həbsi ilə bağlı məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, onun ayrı-ayrı vətəndaşlar barəsində böhtan xarakterli məlumatları mətbu orqanlarında yayıb sonra da dayandırması əvəzində pul tələb etməsi, alması barədə şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb: «İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə əməllərdə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib».

Oktyabrın 26-da İ.Rəhimovun təqib edilməsi və saxlanması ilə bağlı məlumatlar yayılmışdı. «Turan» agentliyinin xəbərinə görə, o deyib ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqid yer alan açıq məktub dərc etdiyindən təqib olunur. Həmin müraciət onun rəhbəri olduğu realliq.info saytında oktyabrın 26-da yayılıb.

«Əli Həsənova açıq məktub: «Özümü yerinizə qoya bilmirəm»» sərlövhəli müraciətdə iddia edilirdi ki, dövlətin mətbuatın inkişafına ayırdığı milyonlar düzgün xərclənməyib.

İ.Rəhimovun müraciətində Mətbuat Şurasının rəhbərliyinin də ünvanına tənqidi fikirlər səslənirdi.

Onun dediklərinə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənovun münasibətini almaq mümkün olmayıb.

Mətbuat Şurası isə bəyanat yayaraq onun tənqidlərinə cavab verib. Şuradan bildiriblər ki, İ.Rəhimovla bağlı oxşar məzmunlu şikayətlər onlara da daxil olub. Üstəlik, qurumun təmsilçiləri İ.Rəhimovun sözügedən müraciətində yer alan iddiaları da böhtan adlandırıblar.

Xatırlatma

Realliq.info saytının redaktoru İ.Rəhimov bundan əvvəl 2016-cı ildə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə ittiham edilərək bir il azadlıqdan məhrum olunub. Ancaq apellyasiya şikayətinə baxılarkən vaxtından əvvəl azadlığa buraxılıb O, həmin vaxt da ittihamı qəbul etmirdi.