Prezident Hadrut qəsəbəsi və Tuğ kəndinə olub

Prezident İlham Əliyev Hadrut qəsəbəsində, elektrik yarımstansiyasının təməlini qoyur, 9 oktyabr 2021

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndi ötən il işğaldan azad olunub.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-u Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində olub.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub.

Bundan başqa İlham Əliyev 35 kilovoltluq yeni “Hadrut” yarımstansiyasının da təməlini qoyub.

Məlumatda vurğulanır ki, prezident Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. 9 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb

Tənqidçilər Rusiya hərbçilərinin ölkə ərazisinə yerləşdirilməsinə birbaşa suverenliyin pozulması kimi dəyərləndiriblər. Son bir ildə bu kontingetin fəaliyyəti ilə bağlı rəsmi səviyyədə də tənqid səslənib. Azərbaycan Müdafiə Nazirliyi bu kontingentin öz funksiyalarını yerinə yetirməməsindən narahatlığını bildirib. Ancaq Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.