Münhendə Əliyevlə Pashinian arasında Qarabağ debatı olub

İlham Əliyev və Nikol Pashinian, Münhen, 15 fevral 2020

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

Müzakirələrdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pashinian iştirak ediblər.

Bu müzakirənin moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Celeste A. Wallander idi.

Əvvəlcə söz Azərbaycan prezidentinə verilib

O öz çıxışına tarixə ekskursla başlayıb və bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən ilk növbədə tarixi keçmişə baxmaq lazımdır.

Prezident deyib ki, “Dağlıq Qarabağ istər tarixi baxımdan, istərsə də beynəlxalq qanunlar baxımından Azərbaycan ərazisidir və onun ərazi bütövlüyü dünya tərəfindən tanınıb. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”.

İlham Əliyev deyib ki, “Dağlıq Qarabağ adlandırılan ərazi” Azərbaycan Qarabağ xanlığının ərazisi olub və Qarabağ xanı İbrahim xan 1805-ci ildə Rusiya imperiyasının generalı Sisianovla müqavilə imzalayıb və bu müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycanın Qarabağ xanlığı müstəqil bir ölkə kimi Rusiya imperiyasının üsul-idarəsi altına keçib.

Əliyev xatırladıb ki, Kürəkçay müqaviləsi adlanan bu sənəddə erməni əhalisi barədə heç nə deyilmir.

Bunun ardınca başqa müqavilərələr imzalanıb.

İlham Əliyev deyib ki, 1918-ci ildə Rusiya imperiyasının çöküşündən sonra müstəqil Azərbaycan Respublikasının ilk fərmanlarından biri də Yerevanın Ermənistana verilməsi və Ermənistanın paytaxtı elan edilməsi barədə idi.

O deyib ki, 1921-ci ildə bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq barədə qərar çıxarıb.

İlham Əliyev bildirib ki, 1980-ci illərin sonlarından Ermənistan Azərbaycana qarşı təcavüzə başlayıb.

Xocalı qətliamı- 1992

O öz çıxışında Xocalı qətliamı məsələsinə də toxunub və yüzlərlə azərbaycanlının öldürülməsindən danışıb.

Buna da bax: Gözlənilən bir faciənin tarixçəsi…

İsa Məsihdən 400 il əvvəl

Ermənistanın baş naziri Nikol Pashinian Azərbaycan prezidenti Əliyevdən “tarixin dərinliyinə çox da varmamağı” xahiş edib:

“Çünki erməni çarı böyük Tiqran Roma sərkədəsi Pompeylə danışıqlar aparanda bu bölgədə Azərbaycan adında ölkə yox idi. Tarixə varmağa qalsa mən, İsa Məsihdən 400 il əvvələ gedə bilərəm…”

Bunun ardınca Pashinian Qafqaz bürosunun qərarı məsələsinə toxunub. O iddia edib ki, büro 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana verilməsi qərarını qəbul edib və bu düzgün qərar idi:

“Amma sonra Moskvada bu qərar dəyişdirilib və bu, Stalin, Lenin və Atatürk arasında bir sövdələşmə olub. Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin bir hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının qurulması prosesində Azərbaycana verilib. Ona görə də biz ərazi bütövlüyündən danışarkən hansı ölkənin ərazi bütövlüyündən danışdığımızı bilməliyik.”

Pashinian iddia edib ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdığı kimi, Qarabağ da SSRİ-nin tərkibindən çıxıb:

“Yəni tərkibində Qarabağ olan sovet respublikası artıq yoxdur”.

Pashinian daha sonra deyib:

“Xocalı məsələinə gəlincə isə, Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “Argumentı i faktı” qəzetinə müsahibəsində demişdi ki, Xocalıdakı təxribatı onu hakimiyyətdən salmaq üçün Azərbaycan müxalifəti törədib. Elə bu da baş verib. Mütəllibov bu hadisə nəticəsində hakimiyyətdən salınıb”.

BMT-nin Qaradabağa dair qətnamələrinə toxunan Pashinian deyib ki, o qətnamələrin ümdə şərtlərindən biri də dərhal və qeyd-şərtsiz atəşkəs idi.

Pashinian-ın iddiasına görə BMT-nin 884 qətnaməsində deyilir ki, Azərbaycan atəşkəsi pozub və nəticədə ərazilərinin itirib.

Beləliklə, Pashinian BMT-nin Dağlıq Qarabağa dair qətnamələrinin Azərbaycan tərəfindən pozulduğunu iddia edib.

Beynəlxalq icma nə edə bilər?

Pashinian deyib ki, Azərbaycan və Ermənistan tərəfinin hər dəfə eyni şeyləri təkrar etməsinin mənası yoxdur:

“Təəssüf ki, biz son 25, hətta 30 ildə hər dəfə eyni sözləri təkrar edirik. Beynəlxalq icma bundan bəlkə də yorulub. Mən düşünürəm ki, biz bəzi yeni ideyalar gətirməliyik”.

Pashinian bildirib ki, 30 ildən qalma münaqişəni bir və ya iki mərhələdə həll etməyin mümkün olmadığını başa düşür.

Bu məqamda polemikanın moderatoru Celeste A. Wallander Pashinian-dan soruşub ki, beynəlxalq icma bu münaqişənin çözümü üçün nə edə bilər?

Pashinian deyib ki, beynəlxalq icma ilk növbədə bu münaqişənin hərbi həllinin olmadığını aydın şəkildə bəyan etməlidir:

“Mən danışıqlarda Dağlıq Qarabağı təmsil etmirəm. Amma mən bilirəm ki, Ermənistan və Dağlıq Qarabağ regionda əsl davamlı sülhün bərqərar edilməsinə əsl real səy göstərə bilər”.

Pashinan deyib ki, o baş nazir kimi təkcə öz ölkəsinin deyil, regionun deyil, bütövlükdə dünyanın təhlükəsizliyi üçün məsuliyyətini dərk edir və Azərbaycan prezidentini də bu məsuliyyəti “bizim ortaq vəzifəmiz” kimi qəbul etməyə çağırır.

O deyib ki, Ermənsitan və Dağlıq Qarabağ buna hazırdırlar.

"Biz bura həqiqəti demək üçün gəlmişik"

Daha sonra söz yenidən İlham Əliyevə verilib.

O deyib ki, “biz bura həqiqəti demək üçün gəlmişik”.

İlham Əliyev daha sonra Ermənistanda “Xocalıda törədilənlərə haqq qazandırmaq cəhdlərindən” danışıb:

“Ayaz Mütəllibov sağ-sağlamatdır və hazırda Bakıdadır. O bildirib ki, Xocalı soyqırımını azərbaycanlıların törətdiyini heç vaxt deməyib. Bu Rusiyadakı bəzi erməni jurnalistlərin Rusiya mətbuatında qondardığı saxta xəbərdir”.

İlham Əliyev deyib ki, Xocalı facisəini törədənlərin kimliyi məlumdur. Bunlar yerli ermənilər, Ermənistandan və erməni diasporasından olan ermənilər idi. Onların adları yaxşı məlumdur və bu barədə bir çox beynəlxalq məqalələr və kitablar yazılıb.

İlham Əliyev deyib ki, “biz beynəlxalq icma dedikdə ilk növbədə Minsk Qrupunun həmsədri olan ölkələri nəzərdə tuturuq”.

“Onlar erməni tərəfinə açıq şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Dağlıq Qarabağ müstəqil ölkə deyil və heç kim bu qanunsuz vahidi tanımayıb”.

Bir daha BMT qətnamələri haqqında

BMT, bayraq, arxiv foto

Azərbaycan prezidenti daha sonra deyib ki, BMT qətnamələrinin yerinə yetirilməsi üçün Ermənistanın üzərinə beynəlxalq təzyiq artırılmalıdır.

İlham Əliyev xatırladıb ki, BMT-nin dörd qətnaməsi işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz olaraq işğal edilmiş ərazilərdən çıxmasını tələb edir.

O əlavə edib ki, Ermənistan təkcə Dağlıq Qarabağı yox, həm də Azərbaycanın 7 rayonunu işğal edib.

Əliyev deyib ki, Sovet İttifaqında 1989-cu ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə Dağlıq Qarabağda 189 min nəfər yaşayırdı. Bunun 139 mini ermənilər, 48 mini azərbaycanlılar və başqa xalqların nümayəndələri idi.

Azərbaycan prezidenti bildirib ki, bütün azərbaycanlılar Dağlıq Qarabağdan və 7 ətraf rayonlardan etnik təmizlənib:

“Onlar bizim xalqımıza qarşı soyqırım törədiblər. Onlar bizim mədəniyyətimizə qarşı soyqırım törədiblər. Məscidlərimizi, qəbirlərimizi dağıdıblar, şəhərlərimizin adlarını dəyişiblər, indi isə onlar Dağlıq Qarabağın ətraf rayonları da daxil edən xəritəsini tərtib ediblər və deyirlər ki, “siz reallığı qəbul etməlisiniz”. Məhz buna görə də beynəlxalq icma onlara başa salmalıdır ki, Dağlıq Qarabağ Azərbaycandır. Bundan sonra isə onlar təcavüzkarın üzərinə təzyiq göstərməlidirlər. ”

Baş nazir sülhdən danışdı...

“Baş nazir burda sülhdən danışdı, mən də bununla razıyam. Amma onun sülh barədə dedikləri ilə bugün təmas xəttində azərbaycanlı əsgərin snayper tərəfindən öldürülməsi nə qədər uyğun gəlir?”

Buna da bax: Cəbhə xəttində Azərbaycan hərbçisi həlak olub

Bunun ardınca danışan Nikol Pashinian yenə də Ayaz Mütəllibovun “Argumetı i faktı” qəzetinə dediklərinin üzərinə qayıdıb və deyib ki, bu qəzeti tapıb oxumaq mümkündür.

BMT qətnamələri məsələsinə toxunan Pashinian iddia edib ki, bu sənədlərdə “Ermənistan qoşunları ifadəsi” yoxdur və guya “yerli özünümüdafiə qüvvələri” ifadəsi var (Qətnamələrdə “işğal qüvvələri” ifadəsindən istifadə olunub - red).

Ayaz Mütəllibov mübahisəsi

Ayaz Mütəllibov, 12 mart 2013

Şəhər adlarının dəyişdirilməsi barədə danışarkən Pashinian “vaxtilə Dağlıq Qarabağdakı” Şaumyan rayonundan söz salıb. İlham Əliyev ona xatırladıb ki, Şaumyan rayonu heç vaxt Dağlıq Qarabağın tərkibində olmayıb.

Pashinian iddia edib ki, əhalisi “100 faiz erməni” olan o rayonda indi erməni qalmayıb və rayonun adı da dəyişdirilib. Pashinian Şaumyanın yeni adını deməkdə çətinlik çəkdiyini bildirib.

Təmas xəttində azərbaycanlı əsgərin öldürülüməsindən danışarkən Pashinian deyib ki, elə bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax sektorunda erməni əsgər Azərbaycan tərəfin snayper atəşi ilıə yaralanıb:

“Bu bizim ümümi vəzifəmizdir. Bu prosesi dayandırmaq üçün nə edilməlidir?

Ayaz Mütəllibovun Arqumentı i faktı qəzetinə müsahibəsi məsələsinə təkrar qayıdan İlham Əliyev deyib ki, o həmin qəzetdə nə yazıldığını bilmir.

O əlavə edib ki, həmin qəzetdə və Rusiya mediasında çox sayda erməni çalışır və onlar istədiklərini yaza bilərlər:

“Amma Ayaz Mütəllibovun özü belə bir şeyi heç vaxt demədiyini söyləyib”.

Stalin və Şaumyan söhbəti

Staliinin portreti, arxif foto

İlham Əliyev bunun ardınca deyib:

“Cənab baş nazir bayaq dedi ki, Dağlıq Qarabağı Azərbaycana vermək qərarı Stalinə görə olub. Bu əlbəttə doğru deyil. Çünki ortalıqda Qafqaz bürosunun 21 iyul 1921-ci il tarixli qərarı var. Amma əgər o Stalini bu qədər xoşlamırsa, qəribədir Şaumyanı niyə bu qədər xoşlayır?”

İlham Əliyev deyib ki, “bolşevik Şaumyan çox sayda günahsız azərbaycanlını öldürüb” və bu gün "qondarma Dağlıq Qarabağın paytaxtı" onun adını daşıyır:

“Əgər Dağlıq Qarabağ qədim erməni ərazisidirsə, onun paytaxtının niyə qədim erməni adı yoxdur? Çünki onun qədim adı Xankəndidir”.

***

İlham Əliyev və Nikol Pashinian, Münhen, 15 fevral 2020

Daha sonra auditoriyadan prezidentlərə sual verilib ki, tərəflər razılaşma əsasında bu münaqişə barədə məsələni Beynəlxalq Məhkəməyə verə bilərlərmi?

İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi danışıqlar prosesinə sadiqdir:

“Biz ümidimizi itirmirik ki, danışıqlar vasitəsilə ərazi bütövlüyümüzü bərpa edə biləcəyik. Lakin əgər Ermənistan tərəfinin yeni yanaşması ucbatından danışıqlar prosesi pozulsa, əlbəttə, bu varianta baxıla bilər”.

Nikol Pashinian da ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara sadiq olduğunu deyib.

Lakin o ardınca öz təbiri ilə deyilsə, “mikroinqilablardan” danışıb.

O deyib ki, 2018-ci ildə bəyanat verib və həmin bəyanatda deyib ki, Dağlıq Qarabağ münaqişəsinin çözümü, həm Ermənistan, həm Dağlıq Qarabağ, həm də Azərbaycan xalqları üçün məqbul olmalıdır:

“Bu mikroinqilab idi. Çünki məndən əvvəl Ermənistanın heç bir rəhbəri deməmişdi ki, bu həll həm də Azərbaycan xalqı üçün məqbul olmalıdır”.

Pashinian özünün ikinci “mikroinqilabı” kimi hər iki ölkənin sosial media istifadəçilərinə çağırışını misal gətirib.

O xatırladıb ki, sosial media istifadəçilərini bu platformalardan bir-birlərini təhqir və təhdid etmək üçün yox, bir-birlərini daha yaxşı başa düşmək üçün istifadə etməyə çağırıb.

Pashinian daha sonra deyib ki, o Azərbaycan xalqına birbaşa müraciət etməyə hazırdır və İlham Əliyevin də erməni xalqına müraciət etməsini istərdi:

“Amma çox qəribə bir fakt budur ki, prezident Əliyev Dağlıq Qarabağın nümayəndələri ilə danışmaqdan imtina edir. Bu çox qəribə faktdır. Dağlıq Qarabağ münaqişəsini Dağlıq Qarabağ nümayəndələri ilə danışmadan necə çözmək olar?”

Daha sonra Pashinian iddia edib ki, danışıqlar prosesinin lap əvvəllərində Dağlıq Qarabağ danışıqların tərəfi olub.

Qarabağ ordusunun 80 faizi Ermənsitan vətəndaşıdır

İlham Əliyev moderatorun ricası ilə Pashinian-ındediklərinə münasibət bildirib.

O deyib ki, Pashinian-dan əvvəlki iki Ermənistan lideri ilə danışıqlar təcrübəsi var və onlar hər dəfə ən həlledici məqamda danışıqları pozmaq üçün bəhanə tapıblar:

“Onların hamısı status quo-nu saxlamağa çalışıblar. Lakin onların hər biri bunu fərqli çəkildə etməyə çalışıb”.

İlham Əliyev deyib ki, o Azərbaycan xalqının maraqlarına uyğun olan variant barədə dəfələrlə danışıb:

“Bu, erməni təcavüzündən əzab çəkənlərin evlərinə qayıtmasıdır. Bu onların təməl hüququdur. Onlar 30 ildir ki, bu haqlarından məhrum ediliblər”.

Azərbaycan prezidenti deyib ki, Pashinian Dağlıq Qarabağın özünümüdafiə qüvvələrindən danışarkən yenə də həqiqəti demir:

“Mən də bilirəm, o da yaxşı bilir ki, Dağlıq Qarabağ ordusunun 80 faizi Ermənistan Respublikasının vətəndaşlarıdır. Orada Dağlıq Qarabağ ordusu yoxdur. Dağlıq Qarabağ Respublikası yoxdur. Bu münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişənin daha hansı tərəfi var? Onlar da eyni şeyi deyəcəklər: Ermənistan və Azərbaycan”.

İlham Əliyev sözünə belə davam edib:

“Biz Dağlıq Qarabağla danışmağa hazırıq. O halda ki, Ermənistan bu qanunsuz vahidin maliyyələşdirilməsini dayandırır, özünün bütün qoşunlarını Dağlıq Qarabağdan və bizim bütün torpaqlarımızdan tamamilə çıxarır. O zaman bizim bu adamlarla danışmaq üçün arqumentlərimiz olacaq. Amma o vaxta qədər bu, əsla baş verməyəcək. Onlar status quo-nu saxlamaq istəyirlər və düşünürlər ki, bu həmişə belə qalacaq. Amma belə olmayacaq və bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır”.

İlham Əliyevin “mikroinqilabı”

İlham Əliyev daha sonra Ermənistan və Azərbaycan arasında bu yaxınlarda həyata keçirilmiş jurnalist mübadiləsindən danışıb və bildirib ki, bu mübadiləyə qiymət verilməlidir.

Azərbaycan prezidenti deyib ki, mübadilə ideyası istər Ermənistanda, istərsə də Azərbaycanda o qədər də rəğbətlə qarşılanmırdı:

“Amma bu, iki liderin qərarı idi. Münaqişənin sülh yolu ilə həlli üçün vasitələrdən biri idi”.

Daha bir sual Rusiyanın “Kommersant” qəzetindən gəlib. Müxbir soruşub: “Mümkündürmü ki, əvvəlcə Dağlıq Qarabağın ətrafındakı ərazilər qaytarılsın və status məsələsi axırda həll olunsun?”

İlham Əliyev Azərbaycanın bu varianta rəğbətli olduğunu bildirib. O deyib ki, ərazilər işğaldan azad olunduqdan, müvəqqəti köçkünlər öz evlərinə qaytarıldıqdan sonra, status məsələsi tərəflər buna hazır olanda müzakirə edilə bilərdi:

“Çünki ərazidə proses getmədən, ərazilər azad olunmadan, status məsələsini müzakirə etmək mümkün olmayacaq. Həm də bu status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır. Biz həmişə demişik ki, Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir və Azərbaycanda çox sayda milli azlıqlar var. Onlar sülh içində və ləyaqətli bir şəkildə yaşayırlar. Və bizim ərazi bütövlüyümüz tam bərpa olunanadan sonra ermənilər də Azərbaycanın bütün vətəndaşları kimi bütün hüquq və imtiyazlardan istifadə edə bilərdilər”.

Bunun ardınca Pashinian İlham Əliyevin etdiyi “mikroinqilabdan” danışıb. O deyib ki, prezident Əliyevlə Düşənbədə görüşündən sonra gərginlik misilsiz bir şəkildə səngiyib, tərəflər arasında birbaşa kommunikasiya yaranıb.

“Mənim oğlum hərbi xidmətini Qarabağda çəkir...”

Lakin işğal olunmmuş ərazilərin qaytarılması məsələsindən danışarkən Pashinian deyib ki, Dağlıq Qarabağın ətrafındakı ərazilər Dağlıq Qarabağın təhlükəsizliyinə görə tutulub.

Pashinian deyib ki, hazırkı status quo-nun niyə yarandığını başa düşmək lazımdır:

“Dağlıq Qarabağ özünün müqəddaratını müəyyən etmək hüququndan istifadə etmək istəyəndə, Dağlıq Qarabağ ermənilərinə qarşı hərbi hərəkətlərə başlanıb. Dağlıq Qarabağ erməniləri öz müdafiələrini təşkil etməyə məcbur olublar”.

Pashinian deyib ki, Dağlıq Qarabağın mərkəzi şəhəri Stepanakert Şuşadan bombardman edilirdi və bu şəhərdəki adamlar uzun müddət zirzəmilərdə yaşamağa məcbur olmuşdular.

Pashinian deyib ki, təhlükəsizliyi heç kimə vermək olmaz:

“Mənim oğlum hərbi xidmətini Dağlıq Qarabağda çəkir. Amma o oraya öz həmvətənlərini müdafiə etmək üçün könüllü gedib. Çünki o tarixi bilir. O 1998-ci ildən bəri baş verənləri bilir. Mən Şaumyan rayonundan danışdım. Orada bir erməni də qalmayıb. Və yaxud Naxçıvandan danışaq. Orada böyük erməni əhalisi vardı. Bu gün orada bir erməni də qalmayıb”.

Görüşün sonunda söz alan İlham Əliyev deyib ki, o öz müqəddaratını təyinetmə barədə fikrini bildirmək istəyir.

Azərbaycan prezidenti deyib:

"Erməni xalqı öz müqəddaratını bir dəfə təyin edib və bu da Ermənistan Respublikasıdır. Mən onlara məsləhət görərdim ki, ikinci dəfə müqəddəratlarını Azərbaycanda yox, dünyanın başqa hissəsində müəyyən etsinlər”.

Pashinian söz altda qalmaq istəməyib və iddia edib ki, Qafqazda qədimlərdə yalnız iki xalq olub: gürcülər və ermənilər.

***

Fevralın 15-də Münhendə İlham Əliyev və Nikol Pshinian arasında təkbətək görüş də keçirilib.

Amma bu görüş barədə heç bir məlumat açıqlanmayıb.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb.

1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.