- Ayağa qalxın, İlqar Məmmədov, qərar elan olunur.
- Mən Azərbaycanda heç bir məhkəmə məclislərində ayağa qalxmamışam. Bu, protokollarda da əksini tapıb.
– Hamı qanun istəyirsə, qanuna da riayət etməlidir.
– Başqa vaxt mən sizə qanundan mühazirə deyərəm.
– Bizə mühazirə oxumağa ehtiyac yoxdur, qanunun tələbinə əməl etməlisiniz...
Bu dialoq martın 28-də Ali Məhkəmədə hakim Əhməd Nurməmmədovla ReAL Partiyasının sədri İlqar Məmmədov arasında olub. Orada İ.Məmmədovun kassasiya şikayətinə baxılıb.
Partiya sədri iki il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılması haqda Şəki Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını, bəraətverici əsaslarla onun haqqında cinayət işinə xitam verilməsini istəyib.
«Kamera görüntüləri nəzərə alınmayıb»
Ali Məhkəmədə öncə İ.Məmmədovun vəkili Fuad Ağayev çıxış edib. Avropa Məhkəməsinin ReAL sədri haqqında qərarını xatırladan vəkil deyib ki, Ali Məhkəmə məhz həmin qərarı əsas götürüb İ.Məmmədov barədə Şəki Apellyasiya Məhkəməsinin əvvəlki qərarını ləğv edib. Həmin qərarla İ.Məmmədovun 2013-cü ilin yanvarında İsmayıllı hadisələrinin təşkilində təqsirli bilinib, 7 il azadlıqdan məhrum edilməsi haqda Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanmışdı.
Vəkilin sözlərinə görə, Şəki Apellyasiya Məhkəməsi ikinci dəfə bu işə baxanda Avropa Məhkəməsinin qərarında göstərilən halların heç birini nəzərə almayıb, onları araşdırmayıb:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Avropa Məhkəməsi Konvensiyanın 6.1 maddəsinin - ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Avropa Məhkəməsinin qərarında da yazılıb ki, yerli məhkəmələr bu iş üzrə açıq-aşkar məntiqsiz nəticəyə gəlib. Müdafiə tərəfinin vəsatət və mülahizələri nəzərə alınmayıb, polis əməkdaşlarının ziddiyyətli ifadələri sübut kimi qəbul olunub, amma İlqar Məmmədovun xeyrinə ifadə verən şahidlərin yox. Ərazidəki bankomatın iş materiallarına əlavə edilmiş kamera görüntüləri obyektiv sübut kimi ittihamın saxtalığını təsdiqləyir, amma o da nəzərə alınmayıb. Avropa Məhkəməsi öz qərarında bütün bunları sadalayandan sonra da Şəki Apellyasiya Məhkəməsinin işə təkrar baxarkən yenə İlqar Məmmədovu təqsirli hesab etməsi heç bir məntiqə sığmır. Hətta cəza şərti hesab olunub, həbsdən buraxılsa da, bizi qane edə bilməz».
Vəkil çıxışının sonunda Ali Məhkəmədən İ.Məmmədovun əməlində cinayət hadisəsi olmadığını nəzərə alıb, ona aid hissədə cinayət işinə xitam verilməsini istəyib.
Daha sonra İ.Məmmədovun özünə söz verilib. Hakim ondan ayağa qalxmağı tələb etsə də, ReAL sədri imtina edib. Ona görə də İ.Məmmədova çıxış etməyə imkan verilməyib.
Prokuror isə Şəki Apellyasiya Məhkəməsinin İ.Məmmədovun cəzasının şərti hesab edilməsi barədə 13 avqust 2018-ci il tarixli qərarının qüvvədə saxlanmasını istəyib.
«Yenə məni cinayət törətmiş sayırlar»
Ardınca müşavirəyə gedən hakimlər kollegiyası bir neçə dəqiqə sonra qərarı elan edib. Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İ.Məmmədov haqqında qərarını ləğv edib. Partiya sədri CM-nin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə yenə də təqsirli bilinib, amma cəza müddəti 5 il 6 ay 9 günə endirilib. Həmin müddətdə İ.Məmmədov həbsdə olduğuna görə cəza çəkilmiş hesab olunub. Ona şərti cəza ilə təyin olunmuş 2 il sınaq müddəti və bundan irəli gələn öhdəliklər (hər 10 gündən bir Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsində qeydiyyatdan keçmək, şəhəri tərk edərkən məlumat vermək və s.) ləğv olunub.
Amma bu qərar da İ.Məmmədov və müdafiəçisini qane etmir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Vəkil F.Ağayev AzadlıqRadiosuna bildirib ki, bu qərardan sonra da İ.Məmmədov hüquqi baxımdan cinayət törətməkdə təqsirli bilinir: «Bununla əlaqədar biz əlavə kassasiya şikayəti verəcəyik. Daha bir addım Konstitusiya Məhkəməsinə müraciət etmək ola bilər. Ali Məhkəmənin qərarını alandan sonra müvafiq hüquqi addımları atacağıq».
İ.Məmmədov da deyir ki, bu qərar onun üzərindəki bütün məhdudiyyətləri aradan qaldırmır. Məsələn, seçkidə namizəd kimi iştirak məhdudiyyəti onun üzərində qalır: «İkinci problem odur ki, mən heç bir cinayət törətmədiyim halda, bunlar yenə məni cinayət törətmiş sayırlar. Bəraət iddiasındayam və onu qazanacağam. Amma bu gün baş verən hadisələr müsbət haldır. O baxımdan ki, üzərimdən iki mühüm məhdudiyyət götürüldü. Daha hər 10 gündən bir gedib nəyisə imzalamalı olmayacağam. Üstəlik, xarici ölkələrə gedib-gələ bilərəm».
Xatırlatma
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2017-ci il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
AİHM İ.Məmmədovla bağlı həmin ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.
Bundan sonra, Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini şərti hesab edib.