İndoneziya virus ocağına çevrilib

Cakartada test nəticəsi pozitiv çıxanlar xəstəxanaya köçürülməyi gözləyirlər

270 milyon nəfərin yaşadığı arxipelaq ölkəsində delta ştammı yoluxmaları artırır

Asiya-Sakit okean regionunda pandemiya yayıldıqca İndoneziya qlobal virus ocağına çevrilib.

Ümumilikdə 270 milyon nəfərin yaşadığı arxipelaq ölkəsində delta ştammı yoluxmaları gücləndirir ki, bu da dünyada pandemiyaya qarşı əldə olunmuş kövrək proqresə təhdid yaradır.

Buna da bax: Dəqiqədə 11 nəfər... acından ölür

Məzarlıqlar dolur

Son bir ayda gündəlik ölüm beş dəfə artaraq minə çatıb. Amma real sayın rəsmi açıqlanmış 63 min 760-dan çox olduğu düşünülür.

Paytaxt Cakartada məzarlıqlar qoruyucu geyimdə qəbirqazanlarla doludur. Cakartada COVID-19 qurbanlarının dəfn olunduğu 5 məkandan 4-nün tam dolduğu xəbər verilir.

İyulun 9-da Tokioya Olimpiya məşəli çatıb. Amma koronavirusa görə məşəli qarşılama mərasimi sönük keçib. Bir gün öncə isə təşkilatçılar iki həftə sonra başlanacaq oyunlara izləyicilərin buraxılmayacağını açıqlayıb.

Vaxtilə koronavirusu idarə etməsinə görə model sayılan Cənubi Koreyanın vəziyyəti də ürəkaçan deyil. Bu gündən Seul ərazisində qadağalar ən yüksək səviyyəyə qaldırılıb. Vyetnamın Hoşimin şəhərində isə lokdaun elan olunub.

Buna da bax: Ərzaq bahalaşır, yoxsulların dərdi artır

Braziliya, Afrika

Braziliyada delta ştammının sürətlə yayıldığı bildirilir. Bir günə 54 minə yaxın yoluxma, 1639 ölüm aşkarlanıb. Ölkədə ümumi yoluxma sayı 19 milyona yaxın, ölüm isə 530 mindən artıqdır.

Əhalisinin 73 faizinin tam peyvənd olunduğunu bildirən Çili isə pandemiya qadağalarını açıqlayıb.

Afrikada vaksinasiya səviyyəsi aşağı olduğundan yeni yoluxma dalğasının daha da pisləşəcəyi gözlənilir.

Dünya Səhiyyə Təşkilatının Afrika üzrə regional direktoru Matşidiso Moeti xəbərdarlıq edib ki, “Afrikada üçüncü dalğanın sürəti və miqyası indiyədək gördüklərimizə bənzəmir”.

Tunis rəsmiləri bu Şimali Afrika ölkəsində yoluxma və ölüm halları dramatik artdığından səhiyyə sisteminin “çökdüyünü” bəyan edib.