'İnsanlar planeti' nələri ortaya tökür

Külək turbinləri

Michael Moore yenilənə bilən enerji mənbələri haqda "İnsanlar planeti" (Planet of Humans) adlı yeni filmə prodüserlik edib.

"Forbes" yazır ki, son 10 ildə Elon Musk, Arnold Schwarzenegger və Al Gore kimi tanınmış inflüenserlərdən "Apple" kimi texnologiya markalarınadək hamı yenilənə bilən enerji mənbələrinin qazıntı mənşəli mənbələrdən daha təmiz olduğunu iddia edib.

Ancaq aprelin 21-dən etibarən YouTube-a yerləşdirilərək tamaşaçıların ixtiyarına pulsuz verilmiş "İnsanlar planeti" filmi külək və günəş enerjisi sahələrinin, biokütlə və bioyanacağın ətraf mühitə zərərli təsirlərini ortaya qoyur.

"Mən elə bilirdim, günəş panelləri ömürlükdür. Mən onların nədən hazırlandığını bilmirdim", - Michael Moore "Reuters"ə deyib.

Enerjinin tükənməsi riski heç vaxt olmayıb

Filmdə həm atılmış, həm də yeni külək və günəş enerjisi plantasiyaları göstərilir. Yeni plantasiyaları həmin ərazidə ağacları qırdıqdan sonra salırlar. "Mən qəfildən anladım ki, bizim baxdığımız yer günəş ölü zonasıdır. Mən öyrəndim ki, günəş panelləri daimi deyil", – rejissor Jeff Gibbs deyir.

Ətraf mühit məsələlərinə həsr olunmuş bir çox sənədli filmlər kimi, "İnsanlar planeti" də XVIII – XIX əsrlərdə yaşamış ingilis iqtisadçısı Thomas Malthus-un dünyanın enerji ehtiyatlarının tükənməsi haqda fikirlərini dəstəkləyir. Ümumilikdə isə, mütəxəssislər bu nəzəriyyənin yanlış olduğunu sübut ediblər.

"Forbes"un məqaləsində deyilir ki, əslində, bəşəriyyət heç vaxt enerjinin tükənməsi riski qarşısında qalmayıb. Bütün dövrlərdə insan sivilizasiyasını yüz və bəlkə min illərlə təmin edə biləcək qədər enerji mənbələri mövcud olub. Nüvə enerjisi isə, ümumiyyətlə, tükənməzdir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Yeni külək elektrik stansiyaları

Filmdə "Apple" şirkətinin dayanıqlılıq şöbəsinin rəhbəri Lisa Jackson səhnədə bəyan edir ki, "hazırda Apple 100% yenilənən enerji ilə çalışır". Auditoriya da onu alqışlayır. Sonra Gibbs şirkətlərin yenilənən enerji proqramlarını araşdıran bir alimdən müsahibə alır. Alim belə deyir: "Mən yalnız 100% günəş və külək enerjisi ilə bircə şirkətə də rast gəlməmişəm". Filmdə daha sonra "Apple"ın günəş enerjisi plantasiyasını tikmək üçün ağacların kəsildiyini görürük.

Film, eyni zamanda, Elon Musk-ın "Gigafactory" batareya layihəsinin yenilənə bilən enerji ilə çalışması haqda iddiasını ifşa edir. Şirkət elektrik şəbəkəsinə qoşulu imiş.

Daha sonra günəş panellərinin istehsalı üçün lazım olan materiallar satan şəxs deyir ki, günəş panelləri 10 illik istehsal olunur.

Biokütlə və bioyanacaq

Filmdə biokütlə və bioyanacaqdan da söz açılır. 350.org təşkilatının ekologiya fəalı Bill McKibben və "Sierra Club" ətraf mühiti müdafiə təşkilatı Miçiqan ştatının 2025-ci ilədək elektrik enerjisinin 25%-ni yenilənə bilən mənbələrdən almasına dair referendumu dəstəkləyib. Maraqlıdır ki, bu təşəbbüsün arxasında biokütlə sənayesi durub və hətta Miçiqan Dövlət Universitetində biokütlə zavodu tikmək cəhdləri etirazla qarşılanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tullantı plastiklərdən yeni nələr düzəlir

Alimlər on ildən artıqdır ki, biokütlə və bioyanacaqla bağlı həyəcan təbili döyür, bu sahənin dünyanın müxtəlif yerlərində, o cümlədən Braziliya və Malayziyada tropik meşələrin məhvinə yol açdığını deyirlər. Alimlər hesablayıblar ki, bütün bu fəaliyyətin landşafta vurduğu ziyanı nəzərə alsaq, bu növ yanacağın istehsalı nəticəsində atmosferə neft və qaz istismarından daha çox karbon qazı buraxılır.

"İnsanlar planeti" daha sonra ABŞ-ın keçmiş vitse-prezidenti Al Gore-un 2013-cü ildə qazıntı mənşəli yanacaq şirkətlərindən şəxsən pul alması faktını qabardır. O və partnyoru CurrentTV-ni Qətərin dövlət büdcəsindən maliyyələşən "Al Jazeera" kanalına satır. Qətərin büdcəsi isə qaz gəlirləri hesabına formalaşır. Bu ölkənin əhalisi dünyada adambaşına düşən karbon izinə görə birinci yeri tutur.

Soya paxlasından hazırlanan bioyanacaq ən səmərəli bioyanacaq növlərindəndir. Ancaq hətta onun da istehsalı üçün neft istehsalından 450 - 750 dəfə böyük ərazi tələb olunur. Ən məhsuldar bioyanacaq olan, Braziliyada geniş istifadə edilən şəkər qamışı etanolunun istehsalına eyni həcmdə enerji verən neftin istehsalından 400 dəfə çox ərazi lazımdır.